Rusiya tərəfi bu ilin yanvar ayında İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərini Ukraynaya təhvil verib.
Herbiand.az bildirir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova RİA Novosti-yə müsahibəsində bildirib.
“Onlar təhvil verilib. Bu baş verdi, mən də orada iştirak etdim”, - Moskalkova təyyarə qəzasında həlak olan əsgərlərin cəsədlərinin Ukraynaya verilməsinin baş tutub-tutmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əlavə, federal ombudsman qeyd edib ki, Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat zamanı həlak olanların cəsədlərinin mübadiləsi davam etdiriləcək.
Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri mübadilə üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayəti üzərində vurulub. Onların hamısı, eləcə də Rusiya Silahlı Qüvvələrini müşayiət edən 3 zabit və 6 ekipaj üzvü həlak olub. Onların ölüm faktı DNT testi ilə təsdiqlənib.
Bəxtiyar CƏFƏRLİ