Ayxan Abbasov Tovuzda.
2022-ci ilin yayında təcrübəli çalışdırıcı vaxtilə futbol oynadığı şəhərin sevimli komandasını dirçəltmək üçün bura təşrif buyurmuşdusa, bu dəfə qonaq qismində səfər edir.
Təcrübəli çalışdırıcı “Turan Tovuz”a gələndə, kollektiv o vaxtkı adı Birinci Divizion olan yarışdan təzə gəlmişdi. Nə imkan var idi, nə şərait, nə də Premyer Liqada mübarizə aparmaq üçün layiqli heyət.
Özünü odun altına atan Abbasov köməkçiləri ilə birlikdə çətin günlərdən keçdi. Əksəri futbolçuları özünün nüfuzuna görə Tovuza gəlməyə razı saldı, iddialı kollektiv yaratdı, şəraitin yaxşılaşmasına nail oldu, qısası, tovuzlu futbolsevərləri stadiona qaytardı.
Bölgə təmsilçisi avrokuboklara vəsiqə qazanmasa da, güclü rəqiblərini belə, özü ilə ayaqlaşmağa məcbur edirdi. “Turan Tovuz”un adı bütün komandalar üçün ağırlıq daşıyırdı. Gələcəklə bağlı xoş planlar var idi.
Və günlərin birində klubun sponsoru Ehtiram Quliyev daha adlı-sanlı və təcrübəli mütəxəssislə işləmək qərarına gəlincə, Rusiya futbolunda silinməz izlər buraxmış Kurban Berdıyevi Azərbaycana dəvət etdi.
İndi Berdıyev imkanlı və iddialı “Turan Tovuz”u, Abbasov isə imkansız və iddiasız “Şamaxı”nı çalışdırır.
İlk dövrədəki oyunda şamaxılılar doğma meydanda tovuzluları büdrətməyi bacarmışdı – 2:2.
Görəsən, bu dəfə kimin üzü güləcək – varlının, yoxsa kasıbın?
Görəsən, Ayxan Abbasov tovuzlu azarkeşlər tərəfindən haqq etdiyi sevgi ilə qarşılanacaq?
Xüsusi atmosfer altında keçəcən gərgin qarşılaşma izləyəcəyik.
HƏBİB / SPORTİNFO.AZ