Müəllif: Tamara Mustafayeva, Banco.az
“Omnicom Group Inc” dünyanın ən böyük reklam şirkətini yaradacaq bir müqavilə ilə “Interpublic Group”u almağa razılaşıb.
Banco.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, “Interpublic” səhmdarları sahib olduqları hər bir “Interpublic” adi səhminə görə 0,344 “Omnicom” səhmini alacaqlar.
Sövdələşmənin bağlanması zamanı “Omnicom” səhmdarları birgə şirkətin 60,6 faizinə, “Interpublic” səhmdarları isə 39,4 faizinə sahib olacaqlar.
Müqavilə ilə 2023-cü il qazancına əsasən illik ümumi gəliri 25 milyard dollardan çox olan bir şirkət yaradılacaq. Bu, hazırda bazar lideri olan Londonda yerləşən “WPP Plc”nin ötən il əldə etdiyi təqribən 18,9 milyard dollarlıq gəlirdən çox olacaq.
“Omnicom” saytında verilən məlumata görə, şirkət Baş icraçı direktor Con Vrenin rəhbərliyi altında 70-dən çox ölkədə 5 mindən çox müştəriyə xidmət göstərir. “Interpublic” isə CEO Filip Krakovski tərəfindən idarə edilir və veb saytındakı məlumata görə, şirkətin təxminən 55 min işçisi var.