AZ

Əsəd rejiminin çöküşü Orta Şərqdə qüvvələr nisbətini kəskin dəyişir...

Image

Elşən Manafov: “Tehran və Moskva Türkiyə ilə əməkdaşlığa böyük məmnuniyyətlə gedəcəklər”

Suriyada 61 il sürən BƏƏS rejiminin çökməsi dünyanın əsas mövzularından biridir. 1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik hakimiyyəti 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılması ilə yadda qaldı. Daha sonra ölkədə vətəndaş müharibəsi başladı və bu, Əsədin sonunu gətirdi. Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra BAAS rejiminin başçısı olub. 

Rejim əleyhdarı qrupların paytaxt Dəməşqə girməsi ilə Əsəd və BAAS hakimiyyəti sona çatıb. Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Əsəd Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib. Daha sonra müxalif silahlıların Dəməşqə daxil olması ilə Əsəd hakimiyyəti sona çatıb.

O da məlumdur ki, regionda bir sıra dövlətlərin maraqları var. Bütün bunların fonunda maraqlıdır, Əsəd rejiminin çökməsi Orta Şərqdə geosiyasi mənzərəni necə dəyişəcək?

“Əsəd rejiminin çökməsi İranın proksi qüvvələrinə ABŞ və İsrail tərəfindən təzyiqlərin güclənməsinə səbəb olacaq”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əsədin devrilməsində əməkdaşlıq etmiş tərəflər post-Əsəd dövrünün problemləri ilə üzbəüz qalacaqlar. Zira Əsədin devrilməsi tərəflərin ortaq maraqlarına cavab versə də, post-Əsəd Suriyasının nüfuz dairələrinə bölüşdürülməsi ilə bağlı məsələlərdə tərəflər arasında ciddi fikir ayrılıqları var. Türkiyə PKK və onun Suriya qanadı olan PYD-nin Kürdistan dövlətinin yaradılması ilə bağlı layihəsinə qarşı çıxış edəcək. Çünki bu, Türkiyənin ərazi bütövlüyünü və suverenliyini təhdid edən layihədir. Digər tərəfdən PYD ABŞ-dan ciddi maliyyə və hərbi dəstəyə malikdir. Trampın iqtidarı dövründə də PKK-ya münasibətin dəyişməyəcəyi bəllidir. Ən azından ona görə ki, PYD başçısı Vaşinqtona Trampın inauqurasiya prosesinə dəvət alıb. Bu da Ankaranı ciddi şəkildə düşündürür. Məlum layihənin həyata keçməsinin qarşısını almaq üçün Ankaranın iki faktordan istifadə edəcəyini proqnozlaşdırmaq olar. Türkiyədə olan 3,1 milyon Suriya qaçqını Dəməşq ilə münasibətlərdə ciddi təzyiq vasitəsi ola bilər. Digər tərəfdən, Türkiyə kürd layihəsinə qarşı Türkman layihəsi kimi adekvat tələb irəli sürə bilər. Sayı 5,1 milyona çatan türkmanlar əslində azərilərdir. Osmanlının Səfəvilərlə müharibələri zamanı İraqa köçürülüblər. Belə bir layihəyə humanitar anlamda Azərbaycanın da dəstək olacağını düşünmək olar. İraq və Türkiyə liderləri dəfələrlə bəyan ediblər ki, Suriyadan sonra növbəti hədəf İraq və Türkiyə olacaq. Hadisələrin  bu istiqamətdə axarının qarşısının alınması üçün Türkiyə Moskva və Tehranla anlaşma əldə edə bilər. Əsədin devrilməsindən sonra Suriyada mövqeləri zəifləmiş Tehran və Moskva Türkiyə ilə əməkdaşlığa böyük məmnuniyyətlə gedəcəklər. İsrail isə Yaxın Şərqdə Trampın dəstəyinə arxalanaraq mövqelərini gücləndirməyə, Suriyada nüfuz dairəsini genişləndirməyə çalışacaq. Suriyada Əsəd rejiminin çökməsi İranın proksi qüvvələrinə ABŞ və İsrail tərəfindən təzyiqlərin güclənməsinə səbəb olacaq. Qlobalist və sionistlərin növbəti hədəfi isə İraq olacaq. Hazırda ABŞ xaricində ən böyük səfirlik heyətinin Bağdadda çalışması Vaşinqtonun İraqla bağlı qərarın icrası istiqamətində hazırlığından xəbər verir. İraq hökumətinin Əsədə dəstək üçün göndərdiyi hərbi karvanın ABŞ hərbi hava qüvvələri tərəfindən bombalanması ABŞ-ın artıq 3-cü dəfə İraqı fəth etməyə hazırlaşmasından xəbər verir”.

Vidadi ORDAHALLI





Seçilən
51
baki-xeber.com

1Mənbələr