AZ

“Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Kulis.az xəbər verir ki, Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli kitablarından biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divanü lüğat-it-türk" UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

İstanbul Millət Kitabxanasında qorunan yeganə nüsxənin son səhifəsində qeyd edilən məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir ki, Kaşğarlı bu əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi səbəbilə əsər 1075-1095-ci illərdə Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.

Seçilən
34
3
kulis.az

4Mənbələr