AZ

Xocalıda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Bakı, 9 dekabr, AZƏRTAC

"Gökce" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı Rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda, Cəmiyyətin direktoru Soner Sumerkan barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

 

Seçilən
14
49
azertag.az

10Mənbələr