AZ

Əsədin ailəsi ilə birgə Moskvaya qaçdığı bildirilir

Onların Rusiyadan sığınacaq aldığı deyilir

Suriyanın üsyançılar tərəfindən devrilən prezidenti Bəşər Əsədin Rusiyadan sığınacaq aldığı bildirilir.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Kremldəki mənbəyə istinad edən agentlik bildirib ki, Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya gəlib.

"Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib, onlara sığınacaq verilib”, – Kremldəki mənbə agentliyə deyib.

Bununla da atası Hafiz Əsəddən hakimiyyəti miras kimi alan Bəşər Əsədin 24 illik hakimiyyəti sona çatıb.

Rəsmi Kreml hələ ki bu məsələ ilə bağlı açıqlama verməyib.

2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra təcili toplanan parlament prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34-a endirib.

Bununla da Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti olub. 

2006-cı il iyun aydan o, Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini də icra etməyə başlayıb.

2007-ci il may ayının 27-də Bəşər Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. 

Seçkidə alternativ namizədlər iştirak etmədiyindən Əsəd səslərin 97,6%-ni alıb. 

2008-ci ildə Bəşər Əsəd Türkiyənin vasitəçiliyi ilə Qolan təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verib. 

2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Bəşər Əsəd bu siyasətinə görə Qərbin onu devirmək istədiyini də açıq bəyan edib.

Həmin ildən də Suriyada 13 ildən çox davam edən vətəndaş müharibəsi başlayıb.

Vətəndaş müharibəsi ərzində Rusiya və İran Əsəd hökumətinin əsas tərəfdarı kimi çıxış edib, ona hərbi və diplomatik dəstək verib, hakimiyyətdə qalmasına kömək ediblər. 

2024-cü il noyabrın 27-də Suriyada Əsədə müxalif olan silahlı birləşmələr Hələb və İdlibdə hökumət qüvvələrinin mövqelərinə hücuma keçiblər. 

Dekabrın 7-də axşam saatlarında onlar bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. 

Ayın 8-də səhər saatlarında silahlı qruplaşma Dəməşqə daxil olub, Suriya ordusunun bölmələri isə şəhəri tərk ediblər. 

Bununla da Bəşər Əsəd ölkəsini tərk edib.

Kremlin Əsədin sığınacaq alması və onun Rusiyada nə qədər qalıb-qalmaması ilə bağlı susqunluğuna gəlincə isə xarici siyasət üzrə rusiyalı analitik Elena Suvorova bunu belə şərh edib: "Bu, Moskvadan Əsədin sakit bir şəkildə çıxarılmasını təşkil etmək və Suriyadakı təsirini qorumaq üçün bir addım ola bilər”.

Bu arada Suriyadakı mürəkkəb vəziyyət, ölkənin gələcək taleyinin necə olması, həmçinin Bəşər Əsədlə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas çağırıb.
Seçilən
20
50
arqument.az

10Mənbələr