Cek Dorsinin keçmiş "Twitter" şirkətindən ayrılaraq qurduğu yeni sosial media platforması "Bluesky" ötən həftə 24 milyon istifadəçiyə sayına çatıb.
Valyuta.Az xəbər verir ki, son kütləvi istifadəçi axını, ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra "X" platformasında Respublikaçıların qələbələrini görmək istəməyənlərdən ibarətdir.
Bununla yanaşı, "Bluesky" istifadəçiləri özünə cəlb edən bəzi xüsusiyyətlərə də malikdir.
Platformanın ən diqqətçəkən xüsusiyyətlərindən biri reklamsız olmasıdır. "Bluesky"ın icraçı direktoru Cey Qreyber, platformanı reklamlarla "korlamaq" istəmədiyini bəyan edib və son böyümə ilə əlaqədar texniki problemləri həll etmək üçün yaradıcı həllər tapmalı olduğunu vurğulayıb.
San-Fransiskoda keçirilən "WIRED" tədbirində danışan Qreyber, şirkətin hazırda "istifadəçilərə keyfiyyətli təcrübə təqdim etməyə diqqət etdiyini" bildirib.
Platformanın reklam yayımlamaq planı olmadığından, onun gəlir əldə etmək yolları ilə bağlı suallar ortaya çıxıb. Qreyber, məsələn, daha yüksək keyfiyyətli video yükləmə və ya müəyyən funksiyalara giriş üçün abunə haqqı alınmasını nəzərdə tutan bir plan haqqında danışaraq, "Abunəliklər ilk addımdır," deyib.
Bununla yanaşı, o, son zamanlardakı istifadəçi artımının premium abunəliklərin tətbiqini gecikdirdiyini etiraf edib. Bu funksiyanın yaxın zamanda istifadəyə veriləcəyinə dair suala isə, "Plan bu idi, lakin son vaxtlar çox böyük bir artım yaşadıq," cavabını verib.
"Bluesky", Cek Dorsi tərəfindən "Twitter" daxilində sosial media təcrübəsi olaraq başlatılmışdı. Lakin İlon Mask "Twitter"i satın alıb adını "X" olaraq dəyişdirməzdən əvvəl, platforma tamamilə müstəqil olub.
Mask "X"i aldıqdan sonra "Bluesky" yeni sosial media alternativi kimi istifadəçiləri cəlb etməyə başlayıb. Lakin Maskın Trampı açıq şəkildə dəstəklədiyi ABŞ seçkilərindən sonra milyonlarla yeni istifadəçi platformaya qoşulub.
Seçkilərdən sonra yaşanan istifadəçi artımı zamanı platformanın 20 nəfərlik tam ştatlı heyəti bu prosesi idarə etməkdə çətinlik çəkib və sayt bir neçə dəfə çöküb.
Şirkət, yaxın zamanda Keysi Nyutona verdiyi müsahibədə, çalışdığı məzmun moderatorlarının sayını 25-dən 100-ə çatdırdığını açıqlayıb.
"Bluesky"ın seçilən xüsusiyyətlərindən biri istifadəçilərə axını fərdiləşdirmək və idarəetmə imkanı yaratmasıdır. Texniki bilikləri olan istifadəçilər platformada öz veb saytlarını yerləşdirə bilirlər.
Ancaq "Bluesky"ın ən güclü rəqiblərindən biri olan "Meta"nın "Threads" platforması da inkişafını davam etdirir. "Meta"nın sözçüsü Alek Buker noyabr ayında 35 milyondan çox yeni istifadəçinin "Threads"ə qoşulduğunu bildirib. Rəqabət təzyiqini hiss edən "Meta", "Threads"ə daha çox fərdiləşdirmə imkanları əlavə etməyi planlaşdırır.
Rəhim