AZ

Qərbi Azərbaycan Xronikası: “Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, sabiq millət vəkili, Nüvədi sakini Musa Musayev olub. O, Qərbi Azərbaycanın Mığrı rayonundan, doğulub boya-başa çatdığı Nüvədi kəndindən söhbət açıb. Bildirib ki, qədim tarixə, çətin relyefə malik olan bu yaşayış məntəqəsində əzəldən türklər məskən salıblar. 1991-ci ilin avqust ayına kimi Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb. Lakin hər şeyi saxtalaşdıran ermənilər sovet hakimiyyəti illərində Mığrı rayonunun adını dəyişib Mehri ediblər. Eyni zamanda erməni birinci katib Levon Mirzoyanın təklifi ilə üç Azərbaycan kəndi, o cümlədən Nüvədi Ermənistana verilib. Deportasiyadan sonra isə Nüvədi kəndinin adını dəyişdirilib.

M.Musayev deyib ki, Nüvədi sakinləri əsasən meyvəçilik və heyvandarlıqla məşğul olub, yay aylarında yaylaqlarda, digər fəsillərdə isə kənddə yaşayıblar. Belə həyat tərzi sürən nüvədililər elmə, təhsilə də böyük diqqət yetirib, övladlarının ali təhsilli olmasına çalışıblar. Ötən əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan M.Musayev söyləyib ki, hər dəfə belə tarixi sınaqlarla üz-üzə qalan nüvədililər doğma kəndi tərk etməməyə çalışıblar. Vəziyyət dözülməz olanda isə qonşuluqdakı yaşayış kəndlərinə müvəqqəti köç edib, ara sakitləşdikdən sonra geri qayıdıblar. Bu, onların Vətənə, elə, obaya bağlılıqlarından qaynaqlanıb.

Müsahib söyləyib ki, 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız deportasiya olunanda da Nüvədi sakinləri üç il ermənilərə sinə gərib, doğma kəndlərini tərk etməyiblər. Kənd ağsaqqallarının təşkilatçılığı ilə yaradılan Nüvədi özünümüdafiə batalyonu 1991-ci ilə qədər dəyanət göstərib, təkbaşına mübarizə aparıb, yaşayış məntəqəsinə ermənilərin daxil olmasına imkan verməyib. Lakin SSRİ rəhbərliyinin erməni millətçilərinə havadarlıq etməsi sayəsində Qərbi Azərbaycanın sonuncu yaşayış məntəqəsindən də soydaşlarımız deportasiya olunublar. Qaçqına çevrilən nüvədililər 1991-ci ildə Zəngilan rayonunun Vejnəli kəndində məskunlaşıb, tarixi ədalətin tezliklə bərpa olunacağına, təkrar geri qayıdacaqlarına ümid ediblər. Amma 1993-cü ildə Zəngilanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması ilə nüvədililər həm də məcburi köçkünə çevrilib, Bakı və Gəncə şəhərlərində məskunlaşıblar.

M.Musayev Ulu Öndər Heydər Əliyevin nüvədililərə dəstəyindən, Nüvədidən didərgin salınan 452 ailənin BMT-yə və müxtəlif beynəlxalq təşkilatlara müraciətindən, soydaşlarımızın Vətən həsrətindən də danışıb. Vurğulayıb ki, qısa zaman kəsiyində yüksək səviyyədə təşkilatlanan Qərbi Azərbaycan İcmasının gördüyü işlər, tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsi Nüvədi sakinlərində də ata-baba yurda qayıtmaq ümidini artırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 9-da saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Seçilən
28
1
report.az

2Mənbələr