İsrail Müdafiə Ordusunun(İMD, yaxud "TSAXAL") zabitləri yəhudi hərbçilərin Hermon dağında olmasının strateji əhəmiyyətindən də danışıblar.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
"İMD qüvvələri artıq Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib və hazırda Dəməşqin 40 kilometrliyindədir. Şimal Komandanlığı zabitləri bildiriblər ki, İsrailin siyasi rəhbərliyi ölkədə müxtəlif bölmələrin, o cümlədən piyada, mühəndis, zirehli texnika və təyyarələrin iştirak etdiyi əməliyyatların davam etdirilməsinə göstəriş verib. Vəziyyəti təhlil etdikdən sonra İsrail ordusu Suriyanın Hermon dağındakı forpostunu tutmaq qərarına gəlib. Suriya Hermonunda İsrail qoşunlarının olması mühüm Dəməşq-Beyrut marşrutunu izləməyə, habelə qaçaqmalçılıq marşrutlarına və mümkün sızmaya nəzarət etməyə imkan verir.
Əməliyyatlardan məlumatlı olan Şimal Komandanlığı zabitləri izah ediblər ki, bu hərəkətlər iki əsas amildən qaynaqlanır. Birinci amil təhlükəsizlikdir.
“Suriyadakı bufer zonası Yom Kippur müharibəsindən sonra 1974-cü il müqaviləsinə uyğun olaraq yaradılıb. Və Suriya ordusu mövqelərini tərk etdikdən sonra artıq müqavilə qüvvədən düşüb. Buna görə də, üsyançıların və ya silahlı düşmən elementlərin əraziyə soxulmasının qarşısını almaq üçün İMD sərhədi və əhalinin məskunlaşdığı əraziləri qorumaq imkanlarını genişləndirir. Digər qüvvələr tərəfindən istənilən hərəkət gözləntisi risk yarada bilər”, - deyə məlumatda qeyd olunub.
İkinci səbəb diplomatik mülahizələrlə bağlıdır. Zabitlərin fikrincə, İMD-nin silahsızlaşdırılmış zonada olması İsrailin siyasi rəhbərliyinə strateji kozır verir. Gələcəkdə danışıqlar başlasa, İsrail demilitarizasiya və sabitlik şərtlərinin yerinə yetirilməsində israr edə biləcək. Bu şərtlər yerinə yetirilməsə, İsrail qüvvələri yerində qalacaq", - xəbərdə belə deyilir.
S.Laçın