Ekspert: “ABŞ və Qərbin silah-sursat yardımına arxalanması Ukrayna üçün fəlakətli oldu”
Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasından təxminən 2 ay yarım sonra - 9 may 2022-ci ildə tarixi bir hadisə baş verdi: ABŞ prezidenti Co Bayden İkinci Dünya müharibəsindən sonra ilk dəfə Ukrayna üçün Lend-Liz müqaviləsini imzaladı. Qanun qüvvəyə minsə də, proqram işə salınmadı.
Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalı da qeyd edib ki, ABŞ-ın 2024-cü il üçün müdafiə büdcəsi layihəsində Lend-Liz müddətinin uzadılmasına dair düzəliş var, ona görə də bu mexanizmin başa çatması barədə danışmaq hələ tezdir. Bundan əlavə, onun fikrincə, Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsinin ilk aylarında Lend-Liz müqaviləsinin imzalanması daha çox Kremlə siqnal idi, nəinki “ehtiyat variantı”.
Eyni zamanda diplomat iddia edir ki, Lend-Liz vasitəsilə verilən silahlara görə mütləq pul ödəməli deyilsiniz.
Bəs vaxtilə Adolf Hitlerin kürəyini yerə gətirmiş bu proqram niyə işə düşmədi? Əsas əngəl nə oldu, nüvə təhlükəsi, yoxsa başqa səbəb?
Keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov “Yeni Müsavat”a deyib ki, yardımla müharibə aparmaq uğursuz işdir: “Ukrayna müharibəsinin gedişatı da göstərdi ki, daxili silah-sursat ehtiyatı olmadan müharibə aparmaq məğlubiyyətə aparır. ABŞ və kollektiv Qərb Ukraynanın bu müharibədə qalib olmasını istəyirdilərsə, müasir silahları zamanında Ukrayna tərəfinə verməli idi. Bəli, 2022-ci ilin mayında ABŞ prezidenti Co Bayden İkinci Dünya müharibəsindən sonra ilk dəfə Ukrayna üçün Lend-Liz müqaviləsini imzaladı. Qanun qüvvəyə mindi, amma proqramı işə salıb Ukraynaya silah-sursat göndərmədilər. Həmin zaman müharibə 3 aya yaxın idi ki, gedirdi. O zaman müasir silahlar gücünə nəticələr əldə oluna bilərdi. Lend-Liz müqaviləsi üzrə proqramı işə salmadılar, müasir silahları vermədilər. Daha doğrusu, vermək istəmədilər. Rusiya qarşısında duruş gətirmək üçün Ukraynaya göstərilən yardımlar çox azdır. Rusiya Donald Trampın prezident kürsüsünə oturana qədər maksimum çox Ukrayna torpağını işğal etməyə çalışır. Tramp prezident kürsüsünə oturandan sonra masaya artıq işğal edilmiş Ukrayna torpaqlarının Rusiyanın nəzarətində qalması şərti ilə sülh planı yatırılacaq”.
Fikrət Yusifov
Fikrət Yusifov deyir ki, ABŞ Ukraynanın bu müharibədən qalib çıxmasını istəmir: “Müharibənin əvvəlində Ukraynaya verilməsi gərəkən uzaqvuran raketləri 4 il sonra verdi. Həmin raketlər Kursk və digər Rusiya şəhərlərinə atıldı. Rusiya da "Oreşnik" adlı müasir silahla cavab verdi. ABŞ və kollektiv Qərb yardımını müasir silahlarla etməlidir. Amma etmirlər. Qərb çox ehtiyatla davranır. Rusiya bu gün daha kimsə ilə hesablaşmır və istədiyi, özünün istehsalı olan silahı tətbiq edə bilir. Ukraynada isə daxildə o cür silahlar yoxdur. ABŞ-da isə var. Həmin silahları Ukraynaya vermirlər. Lend-Liz müqaviləsi üzrə proqramın işə salınmaması da buna sübutdur".
Fikrət Yusifov deyib ki, yaxın 50 ildə Ukraynanı çox ciddi demoqrafik problemlər gözləyir: “Sovetlər İttifaqı dağılanda olan Ukrayna əhalisinin tam yarısı bu gün yoxdur. Müharibəyə gənclər getməlidir. Onlar isə ya müharibədə şikəst olub, həyatını itirib, ya da mühacirətdədir. Ukrayna çox acınacaqlı duruma yuvarlanıb. ABŞ və Qərbin silah-sursat yardımına arxalanıb müharibəyə girmələri Ukrayna üçün hər mənada fəlakətli oldu”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com