AZ

Müəllimlərin diqqətinə: Fırıldaqçılar pulunuzu alıb, sizi ALDADIRLAR

“Od bahasına”  təhsil forumları, seminarlar, təlimlər, sertifikatlar, təhsil işçilərini cəlb etmək üçün bir neçə vəzifəli şəxsin dəvəti, göz boyayan mənzərə…

 

Təəssüf ki, müəllimlər bu cür bər-bəzəkli reklamlara inanıb, müəyyən məbləğ müqabilində “forumlar”a qatılıb, hələ iştirak üçün də sertifikat alırlar.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlamasında bildirib ki, pullu sertifikat almağın müəllimə heç bir faydası yoxdur:

 

“Son dövrlər ödənişli əsaslarla sertifikatların təqdim olunduğu təhsil forumları, məktəbəqədər forumlar, ibtidai, ali təhsilə dair tədbirlər təəssüflər olsun ki, çoxalıb. Kimin ağlına nə gəlirsə seminar, yaxud forum keçirir və insanları müxtəlif bəhanələrlə aldadırlar. Biri deyir ki, “İştirak etsən, filan qədər  ödəniş verəcəksən”, “Əgər iştirak edib, sertifikat almaq istəsən məbləğ artır” və s. Kimi  sözlərlə qarşı tərəfdən pul tələb edirlər. Təəssüf ki, bəzi iştirak etmək istəyən şəxslər bu zaman aldandıqlarının fərqində olmurlar.. Onlar quru kağız parçasını əhəmiyyətli sənəd hesab edirlər.

 

Bu sertifikatların, verilən diplomların, nişanların hər hansısa hüquqi əsası yoxdur. İştirakçıların işlərinə, karyeralarına əlavə üstünlük qazandırmır. Bunlar dövlət əhəmiyyətli sənəd deyil. 1-2 manata rəngli printerdən çap olunan sertifikatlardır. Hər kəs evində oturub, pul vermədən də bunlardan hazırlaya bilər, fərqi yoxdur hansı təşkilatdır”.

 

Ekspert qeyd edib ki, keçirilən forumlara, seminarlara, verilən sertifikatlara elə qiymətlər təyin edirlər ki,  iştirakçıların bəzilərinin aldığı əmək haqqının yarısına bərabər olur:

 

“Ortaya sual çıxır. Sizin minumum əmək haqqı qiymətinə olan sertifikatdan gözləntiniz nələrdir? Forumda, seminarda iştirak etdiniz bəs, sertifikatı nə edəcəksiniz? Görəsən, heçmi özlərinə sual vermirlər? Aldandıqlarının fərqində deyillərmi?

 

3-5 nəfərin fərqli-fərqli adlar altında forum, təlim keçirməsi, iştirakçıların hesabına öz maliyyə imkanlarını yaxşılaşdırmaq planları belə  insanları ayıltmır. Anlamırlar ki, məqsəd insanları aldatmaq üzərində qurulmuş forumlardır. Bunlar fırıldaqçılıqdır.

 

Tövsiyəm odur ki, müəllimlər, yaxud digər iştirakçılar bu kimi forumlardan təkliflər gələndə yüz ölçüb, bir biçib qərar versinlər”.

phrase_var_article.chosen
63
azedu.az

1phrase_var_article.sources