AZ

Taksi sürücüsünü qarət edən şəxs yenidən məhkəmə qarşısına çıxarılır

Taksi sürücüsünə basqın edərək onun külli miqdarda pulunu qarət edən Samir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib.
 

Şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

İstintaqla müəyyən edilib ki, Samir Məmmədov 2024-cü ilin iyununda Nəsimi rayonunun "Şamaxinka" deyilən ərazisində taksi fəaliyyəti ilə məşğul olan Quba rayon sakini Rəhim İsmayılova yaxınlaşaraq onu Qubaya aparmasını istəyib. Samir Məmmədov taksi sürücüsü ilə gediş haqqını 70 manata razılaşaraq əvvəlcə Xocəsən qəsəbəsindən anasını və əşyalarını götürüb yola davam edəcəklərini bildirib. Onun göstərdiyi istiqamətlə Xocəsən qəsəbəsinə gəliblər.


O, avtomobili ara məhəllələrə sürdürərək kimsəsiz ərazidə qəfil arxadan əlindəki əşyanı sürücünün kürəyinə dayayaraq üzərindəki pulları tələb edib. Əks təqdirdə onu öldürəcəyini bildirib. Rəhim İsmayılov onun təhdidlərindən qorxaraq avtomobildə olan 1384 manatı Samirə verib. Samir Məmmədov taksi sürücüsünü qarət etdikdən sonra qaçaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları onu narkotik maddələrin istifadəsinə görə saxlayarkən Samirin Bakıda quldurluq törətdiyi üçün axtarışda olduğu üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 10 Dekabr 2024, 09:28   
Seçilən
45
44
pravda.az

10Mənbələr