AZ

Parad görməmişdik bu parad kimi

2020-ci il dekabrın 10-da Bakıdan dünyaya möhtəşəm mesajlar verilmişdi

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Zəfər paradındakı nitqindən

Dağlıq Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdırlar. Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradındakı nitqindən

Bəli, biz belə parad görməmişdik. Heç qonşularımızda və ya postsovet ölkələrində də bu biçimdə parad görən çətin ki, ola. Mən sovet dönəmində böyük olmasa da, müəyyən ictimai vəzifələr daşıdığıma görə 1980-ci ildən sonra ölkədə keçirilən 9 May və 8 Noyabr paradlarının hamısında iştirak etmək məcburiyyətində olmuşdum. Bəlkə həmin paradlarda iştirak etmiş paytaxt sakinlərinin 90 faizdən çoxu meydana könülsüz və ya məcburən gəlmişdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradının iştirakçıları isə ölkənin az qala bütün guşələrindən “quş olub, uça-uça” gəlmişdilər.

Əvvəlki paradların hamısında ancaq bir ölkənin – SSRİ-nin hərbi texnikası, silah-sursatı nümayiş etdirilirdi. 10 dekabr Zəfər paradında isə çoxsaylı xarici ölkələrdən gəlmiş qonaqlar və mətbuat təmsilçilərinin gözü qarşısında həm qalib Azərbaycan Ordusunun müasir hərbi texnikası, həm də məğlub Ermənistanın zəlil edilmiş ordusunun sınıq-salxaq, yandırılmış, dünya erməniliyinin gözdağına çevrilmiş tankı, topu, raketləri nümayiş etdirilirdi.

Əvvəlki paradlar haqqında ancaq Azərinformun və SİTA-nın iki-üç cümləlik xəbərlərini oxuyurduq. 10 dekabr 2020-ci ildə keçirilmiş Zəfər paradı haqqında isə 50-dən çox ölkənin mətbuat təmsilçiləri geniş reportajlar hazırlamışdılar.

Mən həmin paradın keçirildiyi gün – bilavasitə dekabrın 10-da Türkiyə Cümhuriyyətinin 20-yə qədər, Rusiya Federasiyasınnın isə 10-dan çox mətbuat vasitəsinin Bakıdan hazırladığı reportaj, süjet və ya xəbərin şahidi olmuşdum. Məsələn, “Rossiyskaya qazeta” həmin gün yazırdı ki, Türkiyə hökuməti Bakıda keçirilən Zəfər paradına İkinci Qarabağ müharibəsində həlak olmuş 2783 azərbaycanlı hərbçinin xatirəsinə ehtiram olaraq, məhz həmin sayda hərbçi göndərmişdir..

O zaman türkiyəli həmkarımız Osman Sarıyel yazmışdı ki, Türkiyənin Azərbaycana həmin sayda hərbçi göndərmək addımı Bakıda kiminsə xətri xoş olsun deyə və ya kimlərinsə xoşuna gəlsin deyə, atılmamışdır. Həmin addım türk dünyasının bədxahlarına göndərilən mesaj idi ki, Azərbaycan tək deyil.

Yaxud “Kommersant” qəzeti yazırdı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan Ermənistan rəhbərlərinə səsləndi: “Ağlınızı başınıza yığın!” O zaman Rusiyada yaşayan Anatoli Rustamoviç Mamedqasanov “Kommersant”ın həmin qeydlərinə maraqlı bir reaksiya vermişdi: “Ermənistanın ağlını başına yığması mümkün deyil. Çünki bunun üçün ağıl da lazımdır, baş da. Ağlı və başı olan kimsə qonşu ölkənin ərazisini işğal edib viranəyə çevirməzdi”.

Bütün bunlar bizim Zəfər paradımız haqqında fərdi təəssüratlarımızın bir hissəsidir. Ancaq həmin hərbi-siyasi tədbir haqqında rəsmi məlumat daha önəmli və əhəmiyyətli idi. Rəsmi məlumatda bildirilirdi ki, “Dəmir yumruq” əməliyyatının nəticəsində qazanılmış uğurun beynəlxalq aləmə təqdim edilməsi məqsədilə Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında Azərbaycan Ordusunun 3000 nəfərdən artıq şəxsi heyətin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Kifayət qədər geniş cümlə oldu. Ancaq mən həmin arqumentlər arasından olduqca lakonik bir ifadəni qabartmaq istəyirəm: “Silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının...” Bu, olduqca önəmli fakt idi. Ali Baş Komandanımız həm Vətən müharibəsindən əvvəl, həm 44 günlük İkinci Qarabağ müharibəsi günlərində, həm də Zəfərdən sonra dönə-dönə demişdir ki, biz ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə lazım olan bütün addımları atır, müasir silahların alınması üçün yeni kontraktlar imzalayırıq.

Xatırladaq ki, müharibənin başa çatmasından cəmi bir ay sonra keçirilən Zəfər paradında ordumuzun yeni silahlarının da nümayiş etdirilməsi heç də təsadüfi deyildi. Çünki məğlub Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra bir müddət dilini sakit saxlasa da, Cənubi Qafqaza sülh və sabitlik gətirilməsini istəməyən qüvvələr ermənilərdə revanşist əhval-ruhiyyə yaratmaqla İrəvan rəhbərlərinin dilini “gizlətdikləri yerdən çıxarmağa” nail olmuşdular.

Mütəxəssislərin fikrincə, 10 dekabr 2020-ci il tarixli paradımız təkcə son iki əsrdəki çoxsaylı “məğlubiyyət”lərimizin ağrı-acısını canımızdan çıxartmaq baxımından deyil, həm də gələcəyə baxış mənasında kifayət qədər önəm kəsb edirdi. Həmin paradı bizim dünyaya göndərdiyimiz “birlik mesajı” adlandıranlar da var, Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlığının sübutu adlandıranlar da, xalqın daha böyük zəfərlərə ruhlandırılması istiqamətində atılan mükəmməl addım kimi qiymətləndirənlərdə. Daha çox ekspert isə bu fikirdədir li, Zəfər paradı Bakı və Ankaranın beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq mesajı idi.

Mətbuat təmsilçiləri həmin gün haqqında söz açarkən, paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakını Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişi kimi qiymətləndirirlər. Həmin gün bütün dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadırlar.

Bu paradın daha bir əhəmiyyəti isə dünya erməniliyinin mənəvi məğlubiyyətə uğramasını sübut etməyimiz idi. Bütün dünya gördü ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etmədi, o, əsrlərdən bəri “at oynadan” erməni mifini də dağıtdı. Həmin günlərin region mətbuatı yazırdı ki, ermənilərin iki əsrdən çox “məğlubedilməz” adlandırdıqları hay ordusu 44 günlük müharibə dövründə 10 mindən çox fərari olması kimi acınacaqlı fakta görə rəzil günə düşmüşdü.

Amma Ermənistan əsgərlərinin fərarilik etməsi də səbəbsiz deyildi. Onlar bir tərəfdən Azərbaycan Ordusunun addım səslərini eşitdikcə vahimələnirdilər, digər tərəfdən isə erməni zabitlər öz əsgərlərinə qarşı amansızlıq edir, dəhşətli cəzalar verirdilər. 44 günlük müharibə işğalçı Ermənistanın öz əsgərlərinin döyüşdən qaçmasının qarşısını almaq üçün onların zəncirlə səngərə bağlandığını da sübut etmişdi.

Azərbaycan əsgəri isə Ali Baş Komandanımızın Zəfər paradında dediyi kimi: “Bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Dövlət başçımız Zəfər paradında xatırlatdı ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi: “Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi … Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.

Həmin paradda geniş nitq söyləyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm” ifadəsi də hər iki ölkənin – Azərbaycan və Türkiyənin – televiziya tamaşaçılarında duyğusal təəssürat yaratmışdı, “20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir” – qənaəti də.

Ancaq Türkiyə Prezidentinin Bakının Azadlıq meydanından Ermənistana “biz hələ sizə çox məsələlər barədə suallar verəcəyik” – deyə xəbərdarlıq etməsi bütün Türk dünyasının yekdil qərarı kimi səslənmişdi: “Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları da hədəfə alınmışdır. Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanmışdır. Müharibə qanunları kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına atılıb. Bunları görməzliyə vuranların gözləri kimi vicdanları da kor olmuşdur. Hər məcrada bunun hesabını sormalıyıq”.

… Bəli, haqlısız cənab Prezident! Soracağıq, soruşacağıq. Separatçı, işğalçı, qarətçi, terrorçu, təxribatçı, soyqırımları törətmiş, uşaq qatili kimi vicdanı çirklənmiş ermənilərə hələ çox sualımız olacaq. Azərbaycan Prezidentinin regiona sabitlik gətirmək naminə “Biz müharibə səhifəsini qapatmağa çalışırıq!” söyləməsi o demək deyil ki, xalqımız nəyisə və nələrisə unudacaq. Əsla elə deyil! Cənab Prezident dəfələrlə təkrarlayıb ki, biz sülh tərəfdarıyıq, qalib ölkə olsaq da, məğlub ölkəyə sülh əli uzadırıq. Ancaq bu o demək deyil ki, biz iki əsr boyu xalqımızın başına gətirilənləri unudacağıq. Qətiyyən yox! Biz heç nəyi unutmayacağıq!

Yəqin ki, bu qətiyyətin mənasını ermənilər də bilməmiş deyillər. Şəxsən, mən Ermənistan mətbuatında dəfələrlə oxumuşam ki, bəzi erməni ziyalıları Azərbaycan Prezidentinin “Mən nəyin, nə zaman, necə ediləcəyini hamıdan yaxşı bilirəm” – tezisini dünya erməniliyinə xəbərdarlıq kimi qəbul edirlər.

… 2020-ci ilin payızı milli tarixmizə düşmən əsarətində olan torpaqlarımızın işğaldan azad edilməsi ilə düşdü. Həmin ilin qış fəslinin ilk ayı isə Böyük Ermənistan ideoloqlarının başına alov- od yağdırdı. Bu odun, atəşin adı Bakıda keçirilən Zəfər paradı idi. Həmin atəş bizim ürəyimizi hələ əsrlər boyu isidəcək, ermənilərin xəyal və xülyalarını isə yüz illər boyu yandırıb-yaxacaq.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
14
50
xalqqazeti.az

10Mənbələr