AZ

Zəfər paradı – Qarabağ qələbəsinin təntənə nidası

2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyan Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş Zəfər paradı keçirildi. Öz möhtəşəmliyi və təcəssüm etdirdiyi ibrət dərsi ilə çağdaş tariximizin öyünc səhifəsi olan bu hərbi-siyasi təntənə Azərbaycanın qalib səsini bütün dünyaya bəyan etdi. Xalqımızın 30 il gözlədiyi o tarixi gündən 4 il keçir. Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanovla Zəfər paradının ifadə etdiyi ümummilli dəyər və tarixi önəm ilə bağlı müsahib olduq.

– Qalib ölkənin hərbi güc və döyüş qüdrətini nümayiş etdirən parad Xalq – Ordu – Lider üçlü fenomeninin Zəfər hesabatı oldu. Paradı qəbul edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə dayanması, hərbi keçiddə qardaş ölkənin ordu bölməsinin də iştirakı ümummilli lider Heydər Əliyevin “bir millət–iki dövlət” gerçəyini bir daha dünyaya nümayiş etdirdi.

– Ondan başlayaq ki, bu zəfər törəni Türkiyə Respublikasının hərbi qüvvələrinin Azərbaycanda iştirak etdiyi ilk parad deyildi. Tarixdən məlumdur ki, Türkiyə hərbi qüvvələri Azərbaycan ordusu ilə birlikdə hələ 1918-ci il sentyabr ayının 16-da Bakı ətrafında təşkil olunmuş hərbi paradda iştirak etmişdilər. Həmin parad Azərbaycan Xalq Cümhuriyyətinin və Osmanlı Türkiyəsinin hərbçilərindən yaradılmış Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin düşmənlərdən azad edilməsinə həsr olunmuşdu.

Bu, Azərbaycanın müstəqillik tarixinin ilk paradı idi. Həmin təntənədə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa, onun müavini Əliağa Şıxlinski, Osmanlı Türkiyəsi ordusunun yüksək rütbəli zabitləri və Azərbaycan hökumətinin nümayəndələri iştirak etmişdilər. Bir əsr sonra Bakı şəhərinin 1918-ci il sentyabr ayının 15-də işğalçı qüvvələrdən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda da Türkiyə hərbi qüvvələri ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi.

2018-ci il sentyabr ayının 15-də Bakının Azadlıq meydanında təşkil olunmuş bu möhtəşəm paradda hər iki ölkənin dövlət himnləri səsləndi, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan nitq söylədilər. Azərbaycan lideri çıxışında bildirdi ki, Qarabağın azad ediləcəyi gün uzaq deyil. Növbəti hərbi parad isə bu qələbəyə həsr ediləcək. Sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlandı.

Bundan 2 il 3 ay sonra Vətən müharibəsində tarixi qələbəyə həsr olunmuş Zəfər paradı da Azərbaycan–Türkiyə qardaşlığının növbəti təntənəsi idi. Zəfərə aparan yolda Türkiyə siyasi-mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu və Azərbaycanı tək qoymadı. Bunu Zəfər paradındakı nitqində Prezident İlham Əliyev də xüsusi olaraq qeyd etdi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

– Zəfər paradı, həqiqətən, əzəməti və daşıdığı siyasi-mənəvi dəyərlə hər iki ölkədə böyük əks-səda doğurdu, qardaşlığın möhtəşəm timsalına çevrildi.

– Paradın keçirilməsinə hər iki ölkədə ciddi hazırlıq görülmüşdü. Meydanın qərbində olan hotelin qarşısından Azərbaycanın böyük ölçülü dövlət bayrağı, şərqindəki hotel binasında isə dəmir yumruğu əks etdirən böyük görüntü var idi. Bu nəhəng plakatın üzərində “8 noyabr Zəfər Günü” yazılmışdı. Meydandakı tribuna ilə üzbəüz isə Vətən müharibəsindən qalib çıxmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bugününü əks etdrən rəsm-plakatlar quraşdırılmışdı. Tribunaya isə Azərbaycanın və Türkiyənin dövlət bayraqları yerləşdirilmişdi.

Paradı qardaş ölkənin mediası geniş işıqlandırdı və bu təntənə xalqlarımızda birgə öyünc və sonsuz coşğu yaratdı. Dostlarımız bu təntənəyə ürək dolusu sevindilər, düşmənlər isə kədərlənib xar oldular. Dünya bir millətin iki dövlətini qələbə zirvəsində gördü.

Paraddan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanında ucaldılmış “Əbədi məşəl”, türk şəhid əsgərlərinin xatirə abidələrini ziyarət etdilər. Sonra prezidentlər Azadlıq meydanındakı tribunaya qalxdılar. Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi paradın hazır olması haqqında qardaş ölkələrin rəhbərlərinə raport verdi. Dövlət başçıları əsgərləri salamladıqdan sonra hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.

– Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad iştirakçıları qarşısında söylədiyi nitqdə Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin tarixi, işğalın mahiyyəti, Azərbaycan dövlətinin münaqişə ilə bağlı dəyişməz mövqeyi və Vətən müharibəsində Zəfərin əldə edilməsi üçün aparılan mübarizə haqqında Azərbaycan xalqına, dünya azərbaycanlılarına və Azərbaycanın dostlarına əhatəli məlumat əksini tapdı.

– Bu nitq, eyni zamanda, dünya ictimaiyyətinə, Azərbaycanın haqq mübarizəsinə göz yuman dünya birliyinə ünvanlanmış bir ədalət mesajı idi. İlham Əliyev, eyni zamanda, öz nitqində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra qarşıda dayanan vəzifələr haqqında proqram xarakterli bəyanatlar da verdi.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışarkən respublika Prezidenti müxtəsər olaraq bu siyasətin təcavüzkar mahiyyətini obyektiv şəkildə xarakterizə etdi və həmin siyasətin hələ XX əsrin 80-ci illərinin sonlarında Ermənistanda cərəyan edən millətçi hərəkatla başlandığını bildirdi. İlham Əliyev tarixi həqiqətə istinad etməklə haqlı olaraq qeyd edirdi ki, əslində “Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı.

O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin saldı.

Sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olundu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətdi, amansız Xocalı soyqırımı baş verdi. 1992-ci ilin may ayında Şuşa və Laçın işğala məruz qaldı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi vəziyyəti daha da ağırlaşdırdı.

Azərbaycan xalqı, Azərbaycanın dövlət rəhbərliyi cəbhədə atəşkəsin elan edilməsindən sonra uzun müddət münaqişənin dinc və danışıqlar yolu ilə həllinə ümidini kəsmədi. Lakin İlham Əliyevin də qeyd etdiyi kimi, bu ümidlər bir nəticə vermədi. Bir tərəfdən dünyanın böyük təşkilatları və dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiklərini bəyan etsələr də, Ermənistana qarşı ən adi təzyiqlər göstərilmədi. Ermənistan rəhbərliyi isə onun üçün əlverişli olan beynəlxalq mühitdən faydalanmaqla aparılan danışqılara qarşı məsuliyyət nümayiş etdirmədilər.

Bütün bunlardan söz açan dövlət başçısı tarixi nitqində bildirdi.“Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”.

Nəhayət, belə bir qərar qəbul edildi. 2020-ci il sentyabr ayının 27-də baş verən növbəti erməni hərbi təxribatlarından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təxribatlara və bütünlükdə davam edən işğala son qoyulması qərarını verdi: “Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.

Zəfər paradında etdiyi nitqində İlham Əliyevin bir Ali Baş Komandan kimi qətiyyətini, mübarizliyini, ardıcıllığını görmək mümkündür: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi”.

– Böyük Zəfərin əldə edilməsində Azərbaycan lideri İlham Əliyev qətiyyətinin tarixi rolunu paradda nitq söyləmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məmnunluqla bəyan etdi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir”.

– Doğrudan da, xalqı və ordunu yumruq kimi birləşdirən Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti, əslində, Vətən müharibəsinin xarakterini müəyyənləşdirən bir keyfiyyət oldu. Xalq, ordu Azərbaycan Prezidentinin ətrafında birləşərək Vətən müharibəsinə qalxdı və 44 gün ərzində tarixə iz salacaq bir qəhrəmanlıq nümunəsi ortaya qoydu. Düzgün qurulmuş siyasət, aydın hədəflər, yetərli güc və dəstək, bir də İlham Əliyevin Ali Baş Komandan kimi təşkilatçılıq məharəti nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Başlıcası isə, İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əsgərləri və zabitləri böyük şücaət göstərərək şərəfli bir missiyanı yerinə yetirdilər.

Dövlət başçısı İlham Əliyev bu böyük zəfərin əldə edilməsində Azərbaycan əsgərinin, zabitinin, Azərbaycan xalqının fədakarlığını yüksək qiymətləndirirdi.

Azərbaycanın əsgər və zabitləri dövlət bayrağını bir-birinin ardınca azad edilmiş yaşayış məntəqələrində dalğalandırdılar. Nəhayət, Azərbaycan bayrağı Şuşada dalğalanmağa başladı. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyev Şuşanın azad edilməsini şanlı mübarizənin yekunu kimi qiymətləndirirdi. “Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir”.

Məhz Şuşa şəhəri azad edildikdən sonra Ermənistan rəhbərliyi Azərbaycanla müharibədə məğlub olduğunu etiraf etməklə kapitulyasıya aktını imzalamalı oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli sənədə görə cəbhə xəttində atəş dayandırıldı, Ermənistan rəhbərliyi döyüşsüz olaraq öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından geri çəkmək öhdəliyini öz üzərinə götürdü. Bununla, bir güllə də atılmadan bu üç böyük rayon erməni işğalından azad edildi. Bu nəticəni İlham Əliyev böyük qələbə hesab edirdi.

– Prezident İlham Əliyev Zəfər paradındakı nitqində qarşıda dayanan ümummilli vəzifələrə də toxundu.

– İlk növbədə, bu vəzifələr əldə edilmiş Zəfərin möhkəmləndirilməsi, Azərbaycanın azad edilmiş ərazilərinin müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. İlham Əliyev özünəxas qətiyyətlə Ermənistanın revanşist qüvvələrini xəbərdar edərək bildirirdi ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Həmin qüvvələr baş qaldırmağa çalışsalar, onda yenidən Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaqlar. Bu dəmir yumruq isə məlum olduğu kimi, Azərbaycan xalqının, ordusunun və dövlət rəhbərliyinin birliyinin rəmzi idi. Həmin fikri ifadə etməklə, İlham Əliyev həm də bu birliyin qorunub saxlanmasının ümummilli vəzifə olduğuna işarə edirdi.

Bununla belə, İlham Əliyev əldə edilmiş Zəfərdən sonra Azərbaycan üçün yeni bir dövrün – quruculuq dövrünün başlandığını xüsusi ilə qabardırdı. Çünki Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi dağıntıların, talanların, ekoloji terrorun miqyası son dərəcə böyük idi, işğal edilmiş ərazilərdəki bütün yaşayış məntəqələri yerlə-yeksan edilmişdi. Ölkə Prezidenti yenə də özünə xas olan qətiyyət və əminliklə bəyan etdi ki, işğaldan azad edilmiş ərazilər yenidən dirçəldiləcək, yenidən Azırbaycanın qaynar həyatına qaytarılacaqdır.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi nitq isə, böyük Atatürkün dediyi kimi, Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevinci hesab etməyin növbəti parlaq ifadəsi oldu.

– Qardaş ölkənin lideri Azərbaycan torpaqlarının 30 illik işğalının yaratdığı məhrumiyyətlərə, münaqişənin bu qədər uzanmasına yol açan ikili siyasəti kəskin pislədi. Cənab Ərdoğan Qarabağa göz yaşından başqa heç nə gətirməyənlərin bundan sonra ağıllarını başlarına toplamalı olduqlarını söylədi. O qeyd etdi ki, xalqını keçmişin xülyaları ilə ovunduranlar izlədikləri siyasətin nəyə gətirəcəyinin fərqinə varmalıdırlar. Türkiyə Prezidenti şübhə etmirdi ki, Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxara biləcəyi təqdirdə bölgədə də yeni bir dövrün başlanğıcı qoyula bilərdi.

Azərbaycan xalqının əldə etdiyi Zəfərin nəyə yol açacağını isə Rəcəb Tayyib Ərdoğan obrazlı şəkildə belə ifadə edirdi: “Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.

– Sonra isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Zəfər paradı başladı.

– Dekabr ayının 10-da keçirilən bu tarixi təntənədə Vətən müharibəsində Azərbaycanın zəfərini təmin edən Silahlı Qüvvələrə məxsus bölmələr, ordumuzun cəbbəxanasında olan müasir silah və texnika, Türkiyə Respublkasının ordu bölməsi iştirak etdilər.

Möhtəşəmliyi qədər nizamlılığı ilə də göz oxşayan bu parada Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən yenicə təsis olunmuş “Zəfər” ordeninə layiq görülmüş general-leytenant Kərim Vəliyev komandanlıq edirdi.

Fəxri tribuna önündən əvvəlcə Azərbaycan Dövlət bayrağı və Zəfər bayrağı keçirildi. Zəfər bayrağını meydana Şuşa şəhərinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan, azad edildikdən sonra bu şəhərə ilk komendant təyin edilən, Vətən müharibəsinin aparılmasındakı fədakarlıqlarına görə general-mayor ali hərbi rütbəsinə və “Vətən müharibəsi qəhrəmanı” fəxri adına layiq görülən Zaur Məmmədov gətirdi. Zəfər bayrağının ardınca döyüş tapşırıqlarının icrasında xüsusi məharət nümayiş etdirən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları da tribuna önündən keçirildi.

Daha sonra böyük Zəfərin qazanılmasında tarixi xidmətlər göstərmiş qüvvələri təmsil edən dəstələr tribunanın önündə göründülər. Bir-birinin ardınca Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının dəstələri mübariz addımlarla meydana daxil oldular. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsində və Ermənistanın silahlı qüvvələrinə ağır zərbə vurulmasında böyük məharət və şücaət nümayiş etdirmiş Xüsusi Təyinatlı Qüvvələrin dəstələrinə bu qüvvələrin komandanı, “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş general-leytenant Hikmət Mirzəyev rəhbərlik edirdi.

Öncə erməni hərbi qüvvələrindən qənimət götürülmüş hərbi texnika və silahların bir qisminin nümayişi keçirildi. Bu silah və texnikanın önündə Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiyanı əks etdirən avtomobil irəliləyirdi.

Həmin kompozisiyanın üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır!” sözləri yazılmışdı. Ardınca isə döyüşlərdən qənimət götürülmüş istifadəyə yararlı texnikalar Azadlıq meydanına gətirildi. Sonra da Azərbaycan Ordusunun cəbbəxanasında olan silahlar və hərbi texnika Azadlıq meydanından keçdilər. Hərbi keçiddə Azərbaycan Silahlı Qüvvələrini 3 min nəfərlik şəxsi heyət təmsil etdi. Paradda nümayiş etdiriləcək hərbi texnika, raket və artilleriya qurğuları isə 150 vahiddən ibarət idi.

Onların arasında “Qarabağ” ordenli general-leytenant Nizam Osmanovun başçılıq etdiyi xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirovun başçılıq etdiyi Hava Hücumundan Müdafiə silahları sistemləri kolonu, “Zəfər” ordenli general-mayor Ağamir Sultanovun başçılıq etdiyi artilleriya silahları sistemlərinin kolonu, “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin dəstəsi də var idi.

Paradın sonunda isə Vətən müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi təyyarələr qrupu rəngli tüstülərlə səmada qalib Azərbaycanın dövlət bayrağının təsvirini canlandırdılar.

Zəfər paradı işğalçı Ermənistanın 30 illik hərbi-siyasi avantürasının mənasızlığını, bu ağılsız siyasətin hər iki xalqa gətirdiyi bəlaların misilsiz bir insanlıq cinayəti olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu parad xalqımızın əbədi qürur mənbələrindən biri olduğu qədər də Ermənistan tərəfi üçün də sonuncu ibrət dərsi önəmini daşıyır. Bu parad Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” hökmünü gerçəkləşdirən Zəfərin nida sonluğu oldu.

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ

Seçilən
31
xalqqazeti.az

1Mənbələr