AZ

DGK Tibbi Xidmət İdarəsinin rəisi: Əsas problemlərdən biri orqan donorlarının sayının azlığıdır

Bakı, 10 dekabr, AZƏRTAC

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans hər kəs üçün olduqca vacibdir. Xüsusilə son dövrlər, icbari tibbi sığorta ölkədə tətbiq edildikdən sonra orqan transplantasiyası sahəsində böyük nailiyyətlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında böyrək və qaraciyər transplantasiyası əməliyyatları aparılır: “Konfransda iştirak edən yerli və xarici professorlar öz təcrübələrini bölüşəcək, bu sahədə olan problemlər müzakirə ediləcəklər. Çünki bütün dünyada olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri orqan donorlarının sayının azlığıdır. Bu baxımdan meyit donorlarından istifadə etmək ölkələrin bir çoxu üçün çıxış yolu hesab edilib. Ölkəmizdə bu sahədə bir neçə mərhələdən ibarət işlər aparılır. Ən önəmlisi beyin ölümü diaqnozunun düzgün qoyulmasıdır. Yalnız bundan sonra meyit donorundan lazım olan orqan götürülə bilər. Bizim üçün əsas məsələ əhali tərəfindən bu əməliyyatın icrasının qəbul edilməsidir”.

C.Məmmədov konfransda iştirak edən uşaqlara diqqət çəkərək deyib: “Burada iştirak edən uşaqlara orqan transplantasiyası əməliyyatı icra edilib və onlar öz sağlamlıqlarına qovuşublar”.

Seçilən
28
azertag.az

1Mənbələr