AZ

"Müəllimlər tətillərdə də işdə olmalıdırlar" - Qanun və REALLIQLAR

Qarşıdan yüni il tətili gəlir. Həmin müddətdə şagirdlər evə buraxılır, müəllimlər isə işə çağırılırlar. Bir çoxları da məhz bundan narazılıq edir.

 

Bəs görəsən, qanun bu barədə nə deyir? Müəllim tətildə məktəbdə olmalıdırmı?

 

Təhsil mütəxəssisi Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib ki, tətil günlərində müəllim işdə olmalıdır:

 

““Təhsil haqqında” qanunun 36-cı maddəsində göstərilir ki, Azərbaycan Respublikasında təhsilverənlərlə münasibətlər qanunvericiliyə uyğum olaraq bağlanmış əmək müqavilələrinə əsasən tənzimlənir. Əmək qanunvericiliyi əmək məcəlləsindən, əmək münasibətləri ilə bağlı ayrı-ayrı qanunlardan, ayrı-ayrı İcra hakimiyyəti orqanlarından-Prezident, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. Nazirliklərin öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi normativ-hüquqi sənədlərdən, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu və imzaladığı beynəlxalq müqavilələrdən, konvensiyalardan ibarətdir.

 

Müəllimlər bilməlidirlər ki, onlar da işçidirlər. Tətil isə uşaq üçündür. Müəllim üçün istirahət günləri var. 5 günlük sistemlə işləyən məktəblərdə şənbə və bazar, 6 günlük məktəblərdə isə bazar günü istirahət günü hesab olunur.

 

Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, iş günü sayılmayan bayram günləri, o cümlədən 20 Yanvar ümumxalq hüzn günü, seçki (səsvermə günü) və məzuniyyətlər mövcuddur. Bunlardan əlavə bütün günlərdə müəllim işdə olmalıdır. Müəllimin tətildə məktəbə getmək barədə narazılığının heç bir hüquqi, məntiqi və mənəvi əsası yoxdur. Tətil günlərində müəllim işdə olmalıdır. 

 

Noyabr tətilində, yanvarda qış tətilində,  martda yaz tətilində, eləcə də iyunda yay tətilində (iyulun 1-nə qədər əmək məzuniyyəti dövrü), o cümlədən əmək məzuniyyətindən qayıtdıqdan sonra sentyabrın 15-nə qədərki, şagirdlərin məktəbdə olmadığı dövr müəllimlər üçün iş günüdür. Həmin günlərdə işə getməyi düzgün hesab etməyən müəllimlər qeyri-peşəkarlardır.

 

Müəllimlər o müddət ərzində kollektiv ilə pedaqoji təcrübəni bölüşə, məktəbdaxili pedaqoji, metodiki, idarəetmə, psixoloji təlimlər təşkil edə bilərlər. Eləcə də məktəbin metodiki, tərbiyəvi, təşkilati sənədləşmə işləri yoluna qoyula bilər. 

 

Əgər müəllimlər: “tətildə iş yoxdur, məktəbdə nə edək?”,- deyirlərsə, deməli həmin müəssisədə direktor və direktor müavinləri yerində deyillər, prosesdə boşluqlar var. Tətil günləri səmərəli keçirilməyəndə müəllim məktəbə gedib boş-boş dayanır və fikirləşir ki, mənim bu gün işim yoxdur. Xeyr, elə fikir ola bilməz. Tətildə müəllim işdə olmalıdır”.

Seçilən
14
azedu.az

1Mənbələr