AZ

Tehran indi ən ağır, ən çətin İMTAHAN QARŞISINDA...

İranın mühafizəkar dairələri qısa zaman kəsiyində illərin iki müttəfiqini itirdi

İran Suriya ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. Xarici işlər naziri Abbas Əraqçı deyib ki, terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir. O bildirib ki, müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik”. Suriyada müxalif qüvvələr 61 illik BƏƏS rejiminə son qoyarkən, Əsədə bağlı qüvvələrin niyə müqavimət göstərməməsi maraq kəsb edib. Əraqçı sözügedən məsələyə münasibət bildirərkən deyib ki, Suriya təhlükəsizlik qüvvələri İdlibdəki hərəkatlardan xəbərdar idi, lakin orduda çatışmazlıq müqavimət göstərməyə yetərli olmadı: “Suriya ordusu (Əsəd rejiminə bağlı qüvvələr – red.) motivasiya itkisi yaşayırdı. Bu vəziyyət də təbliğat və psixoloji müharibədən qaynaqlanır”. XİN başçısı eyni zamanda qeyd edib ki, İranın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə ilə məhdudlaşır: “Suriyanın daxili problemlərinin həlli isə hökumətin üzərinə düşən vəzifədir”. 
İran Prezidenti Məsud Pezeşkian deyib ki, Suriya xalqı ölkənin taleyini dağıdıcı kənar müdaxilə olmadan həll etməlidir. Onun sözlərinə görə, Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoq lazımdır ki, o öz taleyi ilə bağlı sakit, böyük Suriya xalqına layiq bir qərar verə bilsin. İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf deyib ki, dəfələrlə Bəşər Əsədə öz xalqına diqqət yetirməsi barədə xəbərdarlıq edilib: “Biz Suriyanın yeni hökumətinin atacağı addımlara baxırıq, əgər onların yanaşması İŞİD kimi deyilsə və israillilərlə əlaqə qurmasalar, islam ümmətini birləşdirməyə çalışacağıq”. Qeyd edək ki, 3 gün əvvəl Qalibaf İranın Bəşər Əsədi dəstəklədiyini demiş və silahlı müxalifəti “terrorçu” adlandırmışdı. İsrail Baş naziri Benyamin Netanyahu Bəşər Əsəd rejiminin devrilməsini şərh edərkən bildirib ki, Dəməşqdə hakimiyyət dəyişikliyi İsrailin İran və Hizbullaha zərbələrinin nəticəsidir: "Biz İranı və onun terror şəbəkəsini hər yerdə məhv edəcəyik. Suriyada İran deyilən bir reallıq yoxdur artıq. Yeni reallıqda xalqımızın və yəhudi dövlətinin təhlükəsizliyini qoruyacağıq". 
İranın keçmiş şahının oğlu Rza Pəhləvi də özünün X hesabında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi haqda yazıb. O, Bəşər Əsədin devrilməsindən sonra İran hökumətinin çox zəif vəziyyətə düşdüyünü bildirib: “İslam Respublikası özünün faciəli siyasəti ilə bölgə xalqları və dövlətləri ilə yanaşı, İran xalqının da həyatını məhv edib. Ölkənin milyardlarla sərvətini İranın abadlığına xərcləmək əvəzinə bölgədəki cinayətkarlar və muzdlulara verib. Ancaq bütün bunlara baxmayaraq, Suriyanın İran rejiminin məğlubiyyət simvoluna çevrildiyinin şahidi olduq”, - Pəhləvi qeyd edib. Pəhləvi Bəşər Əsəd rejiminin devrilməsi ilə İranda xalq arasında Tehran rejiminin də süqutuna ümidləri artırdığını vurğulayıb.

 
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, İranın mühafizəkar dairələri qısa zaman kəsiyində illərin iki müttəfiqini itirdi. Onun sözlərinə görə, İsrail “Hizbullah”ın liderlərini, komandirlərinin əksəriyyətini öldürərək təşkilatı zəiflətdi, Suriyadakı silahlı qruplar isə Bəşər Əsədi devirdilər:
"İranda islam inqilabından bu yana Tehran bu iki müttəfiqi vasitəsilə rəqiblərinə meydan sulayırdı. İrandakı mühafizəkar qüvvələr məhz Suriya və “Hizbullah”ın imkanlarından istifadə edərək İsraillə mübarizə aparırdı. İran Suriyanın hava sahəsindən istifadə edərək İsrailə zərbələr endirirdi. İranın mühafizəkar dairələrinin əlindən bu imkan çıxdı. Birincisi, Suriya üzərindən İranla “Hizbullah” arasında quru əlaqəsi ortadan qaldırıldı. İkincisi, Suriyada yeni qurulacaq hakimiyyət ata və oğul Əsəd dövründə olduğu kimi Tehranla müttəfiq münasibətlər qurmayacaq. 
Cümlələrimdə ona görə “İranın mühafizəkar dairələri” ifadəsini işlədirəm ki, baş verənlər ali dini lider və SEPAH-dan fərqli olaraq mötədil Prezident Məsud Pezeşkianın maraqlarına cavab verir. O ali dini lider və SEPAH-dan fərqli olaraq İranın məhdud maliyyə resurslarının ölkə daxilində istifadə olunmasının tərəfdarıdır. Halbuki mühafizəkar qüvvələr İranda yaşayanların ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Əsəd rejiminin və “Hizbullah”ın ayaqda qalması üçün hər il on milyardlarla dollar xərcləyirdi. Pezeşkian bundan sonra həmin milyardların İranda xərclənməsinə çalışacaq. Suriya olayları İranı başqa dövlətlərin daxili işlərinə qarışmaqdan və bölgədəki silahlı qrupları dəstəkləməkdən çəkindirməlidir. Əks halda dəyişikliklər Suriya ilə yekunlaşmayacaq".

Seçilən
16
sherg.az

1Mənbələr