Suriyanın Hələb şəhərində 2000-ci il sentyabrın 1-dən 5 il müddətində Türkiyənin baş konsulu vəzifəsində çalışmışam. Səlahiyyətlərimin icrasına başladıqda Bəşər Əsəd cəmi iki ay idi ki, Suriya prezidenti postuna gəlmişdi. Atası Hafiz Əsədin ölümündən sonra o, gənc bir siyasətçi olaraq dövlət başçısı kimi fəaliyyətə başlamışdı. O zamanlar Əsədin heç 40 yaşı yox idi. Gənc prezident suriyalılarda gələcəyə xoş ümid yaratmışdı. Böyük Britaniyada göz həkimi kimi ali təhsil alan Əsədin Suriya xalqı üçün layiqli rəhbər olacağına ümidlər tükənməz idi. Diplomatik qaydada onunla bir neçə dəfə görüşmüşəm. O illərdə hamı bu ölkədə hansı proseslərin baş verdiyini bilirdi. Ancaq diplomatik etiket naminə mənim Əsədə nəsə deməyim doğru sayılmazdı.
Bu sözləri Teleqraf.com-a açıqlamsında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Suriyada işlədiyi dövrdə Bəşər Əsədlə görüşü və bu ölkədə yaşadığı xatirələri bölüşərkən deyib.
“O dövr Türkiyə-Suriya əlaqələri yaxşı idi. 1998-ci terroristlərin başçısı Abdulla Öcalan Suriyadan çıxarıldıqdan sonra ölkələr arasında münasibətlər yenidən müsbət istiqamətdə inkişaf etməyə başladı. Amma yenə də münasibətlərdə soyuqluq var idi. Mənim konsul kimi çalışdığım illərdə Türkiyə-Suriya əlaqələrində yeni situasiya yarandı. İki ölkə arasında etibar formalaşdı. Dövlətlərarası münasibətlər üçün xalqlar arasında sərhədlər aradan qaldırıldı. Bu proses 2010-cu ilə qədər davam etdi. Baş konsul kimi mənim də bölgədəki proseslərə önəmli təsirlərim vardı”,- deyə keçmiş diplomat söyləyib.
Homslu Əsma ilə eşq hekayəsi belə başladı....
Sabiq səfir bildirib ki, Türkiyənin Suriya ilə 950 km-lik bir sərhəd xətti var. Bu sərhəddə yerləşən hər iki xalqın təmilçilərinin sıx təmasları quruldu: "Mardin, Urfa, Qaziantep, Siirt, Hatay Suriya ilə sərhəd rayonlarımızdır. Eyni zamanda Suriya sərhəddindəki digər rayonlarla hər iki tərəf arasında ticarət və sosial əlaqələrin genişləndirilməsi təmin edildi. Turizm sektorunda da hər iki tərəf arasında yeni bir səhifə açıldı. O zaman vəzifəyə başladığında Bəşər Əsəd müsbət imicə malik idi. Suriya xalqı tərəfindən də böyük sevgi ilə qarşılanırdı. Onun Homsdan olan, İngiltərədə yaşayan Əsma Əsədlə evlənməsi suriyalıları sevindirmişdi. Əsma və Əsəd o dövr xalq arasında çox olurdular deyə, böyük sevgi ilə əhatə edilmişdilər”.
Üsyan bu yazı ilə başlamışdı: “Sənin də sonun gəldi, həkim”
Sabiq diplomat Suriyada Bəşər Əsədin devrilməsi ilə nəticələnən üsyanın necə başladığından da bəhs edib: “2011-ci ildə litsey tələbələri divara belə bir yazı yazmışdılar: “Sənin də sonun gəldi həkim”. Bəşər Əsəd də göz həkimi olduğu üçün bu mesaj ona ünvanlanmışdı. Bundan sonra həmin tələbələrin valideynlərinə böyük təzyiqlər olundu, bəzilərini öldürdülər. Bu hadisələrə etiraz olaraq 2011-ci ildə Şam və Dərada böyük üsyanlar başladıldı. Həmin vaxt bu etirazlara çox sərt şəkildə müdaxilə edildi. Bununla da Suriyada daxili müharibə geniş vüsət aldı. Bu müharibənin başlamasından istifadə edən ifrat dini fanatiklər və radikal dini qruplaşmalar ortaya çıxdılar. 13 il davam müharibə 600 mindən artıq insanın ölümü, 7 milyon suriyalının ölkəsindən başqa yerlərə getməsinə səbəb oldu. Bu dönəmdə Türkiyədə 4 milyona yaxın Suriyalı yerləşib. Livan və İordaniyada də milyonlarla suriyalı məskən salıb”.
13 il davam edən üsyan 12 günə bitdi...
Keçmiş baş konsul son 12 gündə Bəşər Əsədə qarşı birləşən fərqli qüvvələrin onu hakimiyyətdən uzaqlaşdırmağa nail olduğunu söyləyib: “Beləliklə, Bəşər Əsəd Suriyadan qaçmaq məcburiyyətində qaldı. Hazırda Suriyda qeyri-müəyyənlik hökm sürür. Ona görə də prosesləri bir qədər gözləmək lazımdır. Türkiyənin Suriya ilə 950 km-lik bir sərhəddə malik olması burada hüzurun, sülhün mövcudluğunu zəruri edir. Ona görə də Türkiyə bu məsələdə əlindən gələn bütün imkanları səfərbər etməyə çalışacaq. Artıq Türkiyə hər cür yardım etmək üçün əlini uzadıb. Vaxtında bu əl Bəşər Əsədə də uzanmışdı. Amma Əsəd bunu dəyərləndirə bilmədi. Bəlkə bunu dəyərləndirsə idi, bu gün ölkəsinin başında olardı. Təəsüf ki, siyasət fərqli bir anlayışdır. Kin və nifrətlə siyasət aparmaq olmaz. Ona görə də Əsəd onu yaradılan fürsəti qaçırdı. Mustafa Kamal Atatürkün də dediyi ki, “yurdda sülh, cahanda sülh” mesajı ilə Türkiyə hər zaman barışın tərəfdarıdır”.
Ata Əsəd 40 min suriyalnı necə öldürmüşdü?
Hulisi Kılıç artıq 61 illik "Bəəs" rejiminin çökdüyünü söyləyərək qeyd edib ki, bu rejim daha çox kəşfiyyat və müharibə üzərində qurulmuş bir sistemə malik idi: "İnsanları sorğu-sual etmədən onları həbsə atıb, işgəncə verən siyasi kəşfiyyat orqanları mövcud olub. O vaxt Suriyada 4 fərqli kəşfiyyat orqanı var idi. "Bəəs" rejimindən qaynaqlanaraq həmin kəşfiyyatçılar suriya xalqını özlərinə düşmən etdilər. Yüzlərlə insan həbs edildi. Hətta 1981-1982-ci ildə Homs, Hama hadisələri yaddan çıxmayıb. O vaxt ata Əsəd 30-40 min suriyalını həmin hadisələr vaxtı qətlə yetirilməsinə fərman vermişdi. Hafiz Əsəd və oğlu Bəşər Əsəd rejimi heç vaxt öz xalqı ilə sülh içində yaşamayıb. Onlar öz xalqının təmsilçilərini, minlərlə günahsız insana amansızcasına divan tutublar”.
Suriya Türkiyənin Yaxın Şərqə açılan qapısıdır
Hulusi Kılıç BMT başda olmaqla beynəlxalq güclərin Suriya xalqına əl uzadıb orada normal bir rejimin formalaşmasına dəstək verməsinin arzu edilən bir gediş olduğunu söyləyib: “Belə bir gözlənti var. Artıq Suriyada yeni bir dönəm başlayıb. Əsəd rejimi Suriya xalqı ilə bağlarını qopartdığı üçün devrildi. Bundan sonrakı dövrdə formalaşacaq rejim hər kəsə qucaq açacaq, sülh içərisində hər kəsi əhatə edəcək bir sistem qurmalıdır. Eyni zamanda qonşularla yaxşı əlaqələr yaradılmalıdır. Bölgəyə sülh və inkişaf gətirəcək yeni bir Suriyanın olması arzu edilir. Türkiyə hər zaman Suriyanın ərazi bütövlüyünü tanıyıb. Suriya Türkiyənin Yaxın Şərqə açılan qapısıdır. Türkiyədə və Suriyada milyonlara insan arasında qohumluq əlaqələri var. Qarşılıqlı olaraq ailələlər arasında sıx təmaslar mövcuddur. Ona görə də Suriyanın hüzuru, rifahı Türkiyə üçün maraqlıdır. Qarşıdakı dönəmdə Türkiyə Suriyaya lazım olan dəstəyi verəcək. Ölkəmizdəki Suriya vətəndaşları da qürurlu şəkildə ölkələrinə qayıda biləcəklər. 2011-ci ildən suriyalılar Türkiyədə yaşayır. Türkiyə dövləti onlara hər cür xidmət göstərib. Artıq suriyalıların öz evlərinə dönmək vaxtıdır. Türk xalqı bu ürəkdən arzu edir. Dövlətimiz suriyalıları heç vaxt ölkədən çıxmağa məcbur etməyib. Türk xalqı hər zaman möhtac olanlara yardım edib, öz çörəyini bölüşüb. Bunu əsrlər öncəki hadisələrdə də görmək mümkündür. 1492-ci ildə İspaniyadan qovulan yahudilərə də türk xalqı qucaq açıb. 1990-cı illərdə İraqdan qovulan kürdlər də türk xalqı tərəfindən sevgi ilə qarşılanıb. Onlara da vaxtında zəruri xidmətlər göstərilib. Ona görə də bu kimi məsələlərdə Türkiyəyə kimsənin deyəcək bir sözü yoxdur”.