AZ

Neft bazarı üçün təhdid

İqtisadçı: “Öz iqtisadiyyatını daha çox neft ixracı ilə bəhrələndirən ölkələrə fürsət...”

Suriyada hakimiyyət dəyişikliyi neft bazarına ciddi təsir edə bilər. Mütəxəssislər qeyd edir ki, İran, Rusiya, Türkiyə və ABŞ-ın maraqları Suriya böhranında əsas rol oynayır. Suriyanın Deyr əz-Zor kimi bölgələri zəngin neft yataqlarına malikdir. Hazırda bu ərazilər əsasən ABŞ-ın dəstək verdiyi PKK/YPG-nin nəzarətindədir. Rejim devrilməsindən sonra yeni güclər bu yataqlar üzərində nəzarəti ələ keçirəcək ki, bu da hasilat və tədarükdə dəyişikliklərə səbəb olacaq. O da qeyd edilir ki, Əsəd rejiminin devrilməsi İranın regiondakı təsirini zəiflədə və Səudiyyə Ərəbistanı ilə Türkiyənin enerji strategiyalarını gücləndirə bilər. Bu, neft qiymətlərində qısamüddətli qeyri-sabitlik yarada bilər. Suriyada sabitliyin pozulması neft təklifində qeyri-müəyyənliklər yarada bilər. Əksər ekspertlər hesab edir ki, təklifdə mümkün artım və ya azalma qiymətlərin 50-90 dollar arasında dəyişməsinə səbəb ola bilər. Bu, həm də OPEC+ ölkələrinin strategiyasına bağlıdır. Suriyadakı siyasi dəyişikliklər neft bazarına birbaşa və dolayı yollarla təsir edərək qiymət dalğalanmalarına səbəb ola bilər. Ancaq bu təsirlər həmçinin regiondakı böyük güclərin reaksiyasından və enerji siyasətindən asılı olacaq.

Yeri gəlmişkən, İran İslam Respublikasının milli valyutası rial (tümən) Suriyada Bəşər əl Əsədin çöküşü xəbəri ardından qara bazardakı devalvasiyasını daha da kəskinləşdirib, yeni tarixi antirekord səviyyəyə baş vurub. İranın qara bazarlarında fəaliyyətdə olan Telegram kanallarının xəbərinə görə, 1 ABŞ dollarının satış qiyməti günorta saatlarında 722 000 rial təşkil edib. Hətta bəzi yerlərdə milli pul dollara nisbətdə 760 000 tümənə yüksəlib.

ABŞ-ın CSIS təşkilatının eksperti Frank Verrastro deyib ki, Bəşər Əsədin Suriyada devrilməsi neft bazarına təsir edə bilər, xüsusilə İran və Rusiya ilə əlaqəli neft tədarük zəncirlərinə təsir göstərərək regional qeyri-sabitliyə səbəb ola bilər. O, bu cür dəyişikliklərin Yaxın Şərqdəki enerji təhlükəsizliyini poza biləcəyini vurğulayıb: “Əsədin devrilməsi, həmçinin ABŞ, Türkiyə və digər güclərin Suriyadakı rolu ilə bağlı yeni geosiyasi gərginliklərə səbəb ola bilər ki, bu da dünya neft bazarını qeyri-müəyyənləşdirə bilər”.

Hindistanın “Ekonomik Tayms” nəşri də yazıb ki,  Bəşər Əsədin devrilməsi İslam dünyasında Hindistana zərbə olacaq: “Suriyada Əsəd rejiminin süqutu və ekstremist qüvvələrin güclənməsi İslam dünyasında Hindistana zərbədir. Əsədin rəhbərliyi altında olan Suriya, İƏT də daxil olmaqla, Hindistanın Kəşmirlə bağlı mövqeyini ardıcıl olaraq dəstəkləyib. Suriya Pakistanla məhdud əlaqələr saxladı və çoxtərəfli platformalar da daxil olmaqla, Hindistanla daha sıx siyasi əlaqələri inkişaf etdirdi. İslamabad Kəşmir məsələsində Əsədin dövründə Suriyadan kifayət qədər dəstək almadı. Bu dəyişiklik Hindistanın terrorla mübarizə tərəfdaşlığına təhdiddir”. Bütün bu proseslər neft bazarında qiymətlərə necə təsir edəcək? Azərbaycan üçün nə kimi təsirləri ola bilər?  

ELDENİZ

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Suriyada hakimiyyətin devrilməsi həm Türkiyə, həm ABŞ, həm də digər ərəb ölkələri üçün iqtisadi və geosiyasətin digər aspektləri baxımından əlverişli bir mühit yaradıb. Bu dəyişikliyin ən böyük mənfi təsiri isə İrana yönələcək. Çünki Suriya və İran əvvəlki dönəmlərdə müəyyən məsələlərdə qeyri-rəsmi də olsa müttəfiqlik mövqeyi nümayiş etdirirdilər. İrana qarşı tətbiq edilən sanksiyaların mənfi təsirinin azaldılmasında Suriyanın mühüm rolu var. Buna görə də Suriya səbəbindən İranın neft ixracı ilə bağlı bəzi rəqəmlər o qədər də dəqiq deyildi. Hazırda isə Suriyada olan bu dəyişiklik İranın enerji sektoruna mənfi təsir göstərəcək və sanksiyalar məngənəsində sıxılması üçün şərait yaradacaq.

O ki qaldı neft qiymətlərinə, uzunmüddətli dövrdə neft qiymətlərinə bu hadisənin ciddi təsir göstərəcəyini düşünmürəm. Sadəcə, qısamüddətli dövr üçün müəyyən dalğalanmalar baş verə bilər. Müəyyən qədər neft qiymətlərində artım müşahidə oluna bilər, ancaq bu artım bazarın təklif və tələbinə uyğun olaraq yenidən sabitləşəcək".

İqtisadçı əlavə edib ki, Suriyada hakimiyyət dəyişikliyi Türkiyə üçün müsbət nəticələrlə yadda qala bilər: “İran faktiki olaraq Suriya bazarını boşaltmağa məcbur olacaq. Suriyada İranın mövcud investisiyalarının zəifləməsi və yeni hökumətin Qərbin təsiri ilə hərəkət etməsi Türkiyə və Qərb ölkələrinin Suriyada investisiya həcmlərinin artırmasına və iqtisadi aktivliyinin yüksəlməsinə gətirib çıxaracaq. Bu da Türkiyənin enerji strategiyasını gücləndirəcək. İranın təsirinin azalması və iqtisadi zəifləməsi Türkiyənin daha güclü mövqe qazanmasına şərait yaradacaq. Uzunmüddətli dövrdə neft qiymətlərinə ciddi təsir gözlənilməsə də, qısamüddətli artım mümkündür.

Suriyada hakimiyyət dəyişikliyinin valyuta bazarına da  bu uzunmüddətli təsiri olmayacaq. Qısa dövr ərzində neftin qiymətlərinin artması neft ixracından öz iqtisadiyyatını daha çox  bəhrələndirən ölkələr üçün fürsət olacaq ki, daha çox neft gəliri əldə edə bilsinlər. Bu da müvəqqəti xarakter daşıyacaq.  

Azərbaycana isə bu prosesin hər hansı mənfi təsiri yoxdur. Əksinə, Türkiyə kimi tərəfdaşının mənafeyinə uyğun proseslərin davam etməsi Azərbaycan üçün daha əlverişli məqam yaradır. Bu proseslərin böyük ölçüdə Azərbaycanın iqtisadiyyatına mənfi, ya da müsbət təsiri gözlənilmir. 

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,40 dollar və ya 0,56% artaraq 1 barelə görə 71.52 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,43 dollar və ya 0,56% artaraq 1 barelə görə 67.63 ABŞ dolları olub.

Afaq MİRAYİQ,
Musavat.com 

Seçilən
45
musavat.com

1Mənbələr