Futbol üzrə Avropa Liqasında Liqa mərhələsinin “Elfsborq” – “Qarabağ” matçının hakim təyinatları müəyyənləşib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
Oyunun baş hakimi FIFA referisi Antonio Nobre olacaq. Ona yan xətt hakimləri Pedro Ribeyro və Nelson Pereyra kömək edəcəklər. Andre Narkizo isə VAR-da çalışacaq.
Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də keçiriləcək. Oyuna dekabrın 13-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-də start veriləcək.
Keçirdiyi ilk beş oyunda bir qələbə qazanıb, dörd məğlubiyyətə üzülmüş Azərbaycan çempionu hazırda 3 xalla 32-ci sırada qərarlaşıb. Beş turda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görmüş İsveç təmsilçisi isə 4 xalla 28-ci yerdədir.