Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə redaksiyamıza hər gün onlarla şikayət daxil olur. Şikayətlərdə ən çox avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı, avtobusu istədikləri yerdə saxlamaları, bəzən isə dayanacaqlarda dayanmamaları ilə bağlıdır. Bu dəfəki şikayət Yeni Suraxanı Həzi Aslanov metrostansiyası istiqamətinə hərəkət edən 104 saylı marşrutdandır. Bu avtobusun sürücüləri sərnişinlərin rahatlığını deyil, aid olduqları qurumun tələblərini nəzərə alır. Belə ki, onlar daşıyıcı şirkətin qoyduğu vaxt tələbinə görə avtobusu ya sürətli, ya da həddindən artıq ləng idarə edirlər.
Belə bir hal dekabrın 7-də, axşam təxminən saat 7 radələrində baş verib. Dövlət nömrə nişanı "90 NE 521" olan 104 saylı avtobusun sürücüsü qəfil sürəti azaldaraq, ictimai nəqliyatı həddindən artıq ləng idarə etməyə başlayıb. Bu hala etiraz edən sərnişinlərə sürücüdən absurd cavab gəlib. O, “nə edim, vaxtımı gözləyirəm” deyə cavab verib.
Sərnişinlərin davamlı etirazına məhəl qoymayan sürücü beləcə yoluna davam edib.
Qeyd edək ki, vaxt gözləmək məsələsi təkcə 104 nömrəli marşruta məxsus deyil, digər avtobuslarda da belə problemlər yaşanır.
Axı avtobuslar arasında interval qrafiki düzgün qurulmayıbsa, sərnişin niyə yolda əlavə vaxt itirməlidir?
Bu hallar niyə tənzimlənmir? Marşrutlar arası vaxtın olması avtobus sayının az olmasından irəli gəlir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, sərnişin tələbatına uyğun olaraq 104 nömrəli marşrutda 25 avtobus 5-7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:
“Lakin pik saatlarda marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilir”, deyə qurum rəsmisi əlavə edib.
Adıçəkilən marşrut xəttində kartsız və köhnə tipli avtobusların yenilənməsinə gəlincə AYNA rəsmisi bunları deyib:
"Marşrutun müvəqqəti istismarçısına mövcud qanunvericiliyə uyğun olaraq istismarında olan köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi və ya mərhələli şəkildə təmir olunaraq saz vəziyyətə gətirilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, eyni zamanda, hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Daşıyıcıya xəbərdarlıq edilib ki, sərnişinlər mənzilbaşına vaxtında çatdırılmalı və hərəkət zamanı yolda gözləmə olmamalıdır”.
Qurumdan o da qeyd edilib ki, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 saylı qərarına müvafiq olaraq, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqələr keçirilir. Mövcud nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməyəcəyi təqdirdə 104 nömrəli marşrutun müsabiqəyə çıxarılacağı və sərnişindaşıma xidmətinin göstərilməsinin digər daşıyıcıya həvalə ediləcəyi daşıyıcının nəzərinə çatdırılıb".
Nəzrin Mirzəyeva, Bizim.Media