AZ

İran və Rusiya üçün OYUNDANKƏNAR SİTUASİYA: “Fiaskoya uğradılar”

“Rusiyanı qlobal aləmdə baş verən proseslərdən kənarda qoymaq istəsələr, onlar Ukrayna müharibəsini davam etdirəcəklər”.

Bu fikri Yaxın Şərqdə baş verən müharibə, münaqişə ocaqlarının böyüməsi və böyük müharibə ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Mütəxəssis bildirib ki, münaqişə ocaqları daha da böyüyəcək:

“İranla Rusiyanı Suriyadakı oyundan çıxardılar. Suriyanın parçalanması təhlükəsi var. Baş verən proseslərin isə qısa zamanda müsbət həll olacağı gözlənilmir. Suriyadan əlavə, Yaxın Şərqdəki münaqişə ocaqlarının daha da artdığının şahidi oluruq. İsrail Qolan təpələrini işğal edib və bu yüksəkliklərdən geri çəkilməyəcəyini bəyan edir. İran isə yerində sakit dayanmayacaq. Tehran təkcə Suriyaya 70 milyarddan artıq vəsait qoymuşdu, amma fiaskoya uğradılar”.

“Ukraynadakı müharibə alovlanır. Rusiya məqsədinə çatmaq üçün addımlar atır. Ancaq realist yanaşsaq, Rusiya Ukraynadakı müharibə ilə qlobal aləmdə baş verən proseslərdən kənarda qalır. Ona görə də Rusiya istəyəcək ki, proses qısa zamanda yekunlaşsın. Ancaq bir ehtimal da budur ki, əgər Rusiyanı qlobal aləmdə baş verən proseslərdən kənarda qoymaq istəsələr, onlar Ukrayna müharibəsini davam etdirəcəklər. Proseslər elə həddə çatıb ki, qısa zamanda yekunlaşacağını gözləmək olmaz. Yeni münaqişə ocaqlarının yaranacağı ehtimalı da son dərəcə yüksəkdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

Seçilən
27
yenicag.az

1Mənbələr