Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur.
11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir.
Qeyd edilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.
Maraqlıdır, Azərbaycan meyvə qurularını hansı ölkələrə ixrac edir?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, quru meyvələr daha çox avropa ölkələrinə ixrac olunur:
“Bu il quru meyvələrin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb. Bu artım iqtisadi baxımdan olduqca əlverişlidir.
Hazırda artım tempini davam etdirmək lazımdır. Çünki ölkəmizə qonşu ölkələrdən də quru meyvə idxalı həyata keçirilir”.
O bildirib ki, bu gün yerli bazarlarda daha çox ərik, alça və üzüm qurusu satılır:
“Məhz adın çəkdiyim bu məhsulları hazırda işğaldan azad olunan torpaqlarda yetişdirilməsi üçün böyük potensiyal var. Bildirim ki, torpaqlarımız işğal olunan ərəfələrdə bölgələrdə xeyli xurma və alma bağları vardı”.
Ekspert qeyd edib ki, Türkiyə, Özbəkistan və İran kimi iri quru meyvə ixracatçıları olan ölkələrdə meyvəni adətən kəndli və ya kiçik fermerlər qurudur. Fabriklər isə əhalidən bu məhsulu alıb qablaşdırır və ixrac edirlər:
“Bu gün Azərbaycanda meyvələrdən son məhsulun əldə edilməsi zənciri qurulmayıb. Ona görə də tələbatdan qat-qat az məhsul istehsal olunur. Amma bu istiqamətdə irəliləyiş əldə olunarsa, o zaman quru meyvə ixracı növbəti ildə 90 faizədək arta bilər”.