AZ

Köhnə qitə böhranla ÜZ-ÜZƏ – Avropa İttifaqı 6 ay ərzində DAĞILACAQ?

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

O, bu fikri dekabrın 9-da “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə səsləndirib.

Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərir.

“Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, - deyə Fitso vurğulayıb.

Bu açıqlama, Avropa İttifaqında mövcud daxili problemlərin və üzv dövlətlər arasında artan fikir ayrılıqlarının narahatlıq doğurduğunu göstərir.

Avropa İttifaqının parçalanma riski nə dərəcədədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Böyük Britaniyanın “BREXİT” qərarından sonra Aİ-də parçalanma imkan və meyarları da genişlənib:

“Avropa İttifaqı daxilində ciddi narazılıq elementləri mövcuddur. Özəlliklə Böyük Britaniyanın “BREXİT” qərarından sonra ittifaq daxilində narazılıq meyarlarının hər keçən gün daha da artdığını görürük. Bütün bunlar isə təhlükəli tendensiyadır. Nəzərə alaq ki, Aİ daxilində narazılıq elementlərinin artması Fransa və Qərbi Avropa dövlətlərinin bir çoxunun sonrakı dövrü sabotaj edən addımları ilə nəticələnə bilər. Bu da bütövlükdə sonrakı mərhələdə bütün dünya üçün iqtisadi və psixoloji problemlər yarada bilər.

Hər halda, Böyük Britaniyanın “BREXİT” qərarından sonra gördük ki, Aİ-nin parçalanma imkan və meyarları çox genişdir. Buradakı kəskin fikir ayrılıqları, Avropanın qərbi, mərkəzi və şərqi arasındakı dərin qopmalar mövcud ixtilafları daha da dərinləşdirir”.

Həmsöhbətimiz düşünür ki, Slovakiyanın baş naziri reallığı əks etdirən fikirlər səsləndirib:

“Aİ daxilində birlik və həmrəylik yoxdur. Fransa, Belçika, Niderland cənub-şərqi Avropa ölkələrinə münasibətdə haqsızlıq edir. Maliyyələşmə mexanizmləri və digər məsələlərdə bu haqsızlığın nə qədər üst səviyyədə olduğunu müşahidə edirik”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
28
bizim.media

1Mənbələr