AZ

Öz oxucu auditoriyası olan ŞAİR

Bədii yaradıcılıq yaxşılıq kimidir, necə deyərlər, balıq bilməsə də Xaliq bilər. Bəlkə də bu səbəbdəndir ki, şair və yazıçıların yaratdıqlarına son dəyəri də elə Xaliq verir...

Haqqında söhbət açmaq istədiyim insan da şairdir. Bir neçə kitabın müəllifidir. Şeirləri müxtəlif dillərə tərcümə olunub. Özünü ədəbiyyatımızın təbliğinə həsr edib.

Deyir ki, “bugünkü oxucunun ənənəvi zövqü pozulub. Çağdaş Azərbaycan ədəbiyyatında bir sistemsizlik hökm sürür, allahsızlıq, elmsizlik baş alıb gedir”...

Şeirdə qafiyəni təbiilikdən kənar sayır, şeir sərbəst vəzndə, adi danışıq dilində, insan nitqinin tezliyində yazılmalıdır və şeir gözlənilməz olmalıdır, söyləyir. Ənənəvi poeziyanın sözün gözəlliyindən bəhrələnib zövqləri oxşadığını, Avropa poeziyasının isə insanları düşündürməyi bacardığını dilə gətirir. Hər gün on-on beş səhifə şeir oxumasa özünü rahat hiss etmir. İndiyədək iyirmiyə yaxın ölkədə səfərdə olub. Həmin ölkələrin sayılıb seçilən ədibləri ilə görüşərək fikir mübadiləsi aparıb. Azərbaycan ədəbiyyatını bir sıra mötəbər tədbirlərdə təmsil edib.

2018-ci ildə Polşada “Avropa azadlıq şairi” adı altında keçirilən beynəlxalq müsabiqə və festivalda iştirak edərkən qəribə bir hadisəylə üzləşib. Müsabiqədə 48 Avropa ölkəsi arasından püşkatma yolu ilə seçilən 8  dövlətdən biri də Azərbaycan olduğundan o da dəvət olunub. Həmin festivala “Polkovnikə heç kim yazmır” şeirlər kitabı ilə qatılıbmış. Tədbirdə iştirak edən müəlliflərin müxtəlif şeirlərindən hazırlanmış poeziya kollajında təsadüfən Əliyev soyadını eşidir. Tərcüməçidən soruşanda bəlli olur ki, erməni şairin şeirindən götürülən nümunədə ölkəmizin rəhbərinə şər atılıb. Tədbirdən sonra təşkilatçıları bir araya gətirərək bu mənzərəni ölkəmizə təhqir kimi dəyərləndirib, etirazını bildirib. Müsabiqədən çəkilən video reportajın televiziyada işıqlandırılmasının qarşısını alıb...

Ədəbiyyat nəzəriyyəsini dərindən bilir. Dünya yazarlarının yaradıcılığını müntəzəm izləyir. Avropa, Amerika şairlərinin hamısından məlumatlı olduğu aydın görünür. Öz oxucu auditoriyası vardır. Sevənləri günbəgün artır. Ola bilsin ki, onun yaradıcılığını bəyənməyənlər də tapılsın, amma o, bu günün şairindən çox, gələcəyin şairidir. Onu gələcəkdə daha çox oxuyacaqlar...

Bəli, sizə ədəbiyyat fədaisi, müasir Avropa-Amerika üslubunda yazan şair Səlim Babullaoğludan danışırdım...

Dekabrın 10-u Səlimin 52 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram...

Çox yaşasın!..

Elman Eldaroğlu

Seçilən
29
modern.az

1Mənbələr