AZ

Azərbaycan insan hüquqları sahəsində inkişaf edən ölkələrdəndir - Rəy

"Azərbaycan insan hüquqları ilə bağlı həm regionda, həm də dünyada inkişaf etmiş ölkələrdəndir. İnsan hüquqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bununla əlaqədar olaraq, 1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd edilir".

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı insan hüquqları günü ilə bağlı danışarkən deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan nüfuzlu dövlət kimi BMT və digər təşkilatların konvensiyalarına qoşulub:

"Ölkəmiz BMT və Avropa Şurasının üzvü kimi adıçəkilən təşkilatların insan hüquqlarına dair qəbul edilmiş qərar və qətnamələrini ratifikasiya edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qəbul olunmuş konstitusiyamızda sözügedən məsələyə dair 60-dan çox maddə yer alıb. Həmçinin Azərbaycanın Milli Fəaliyyət Planında da insan hüquqlarına dair vacib məqamlar əksini tapıb. Ölkəmiz bu məsələyə olduqca həssas yanaşır. QHT-lər, müdafiə və digər insan hüquqlarına dair mərkəzlərin fəaliyyət göstərməsi buna nümunədir. İnsanın doğulduğu gündən dini, milli, cinsi azadlıqları təmin olunmalı, dünyanın harasında olmasından asılı olmayaraq bərabər iş, təhsil və s. kimi imkanları yaradılmalıdır. Azərbaycanda söz və sərbəst toplaşma azadlıqları da daxil olmaqla, insanlar üçün bütün imkanlar yaradılıb. Bundan başqa, ölkəmizdə gender bərabərliyi məsələsinə də xüsusi önəm verilir".

Məhəmməd İmanlı vurğulayıb ki, bu günün qəbul olunmasında əsas məqsəd dünyada xalqlar arasında sülhün təmin olunmasıdır:

"Şəxsin inkişafı üçün mədəni hüquqların təmin olunması əsas şərtlərdən biridir. İnsan hüquqlarının qorunmasına dair öhdəliklərdə də bu məsələdə yer alır. Azərbaycan beynəlxalq hüquqlara diqqət etməklə yanaşı, yerli qanunlar da qəbul edir. Ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman institutu insanların hüquqlarınının qorunmasında rol oynayır. Başlanğıcını Heydər Əliyevdən götürmüş bu məsələnin layiqli davamçısı indi də ölkə başçısı İlham Əliyevdir. Onun şəxsi nəzarəti sayəsində insanların bütün hüquq və azadlıqları təmin edilir. Ölkəmizdə onlarla xalqın nümayəndələri yaşamasına baxmayaraq, ayrı-seçkilik müşahidə edilmir. Azərbaycan torpaqları 30 il erməni işğalçılarının nəzarətində olub. Ermənilər beynəlxalq hüququn normalarına hörmət etməyib və minlərlə azərbaycanlını yurd-yuvalarından didərgin salmışdı. Bizim də ratifikasiya etdiyimiz qərar və qətnamələrə uyğun olaraq bu gün Ermənistan beynəlxalq məhkəmələrdə sorğulanır".


Müəllif: Teleqraf.com
Seçilən
21
teleqraf.com

1Mənbələr