Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından etibarən keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran rayonu və Şəki şəhərində, 15 və 17 oktyabr tarixlərində Gəncə və Mingəçevir şəhərləri, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, 9-10 dekabr tarixlərində Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 000 nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.