AZ

Ulu Öndər Heydər Əliyev – Tarix yaradan dahi şəxsiyyət

Bakı, 10 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli Lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbii hesab olunur. Fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları ilə və daim inkişaf edərək dünyada layiqli yer tutsun.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətinin kəskin geosiyasi ziddiyyətlərin mövcudluğu şəraitində Azərbaycan dövlətçiliyinin xilası olduğunu deyən deputat əlavə edib: “Dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin mövcudiyyəti deməkdir, qurtuluş deməkdir!” Ümummilli Lider Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapıb. Ulu Öndərin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqi də həyata keçirilib. O, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırıb. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir”.

Onun sözlərinə görə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmışdı, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Qərb yeni müstəqil dövlətlərin ozünəmxsusluğunu qəbul etmək istəmirdi. Bu xüsusiyyət onlar üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər. Bu tələyə düşənlər oldu və acı nəticələrlə üzləşmək məcburiyyətində qaldılar. Təəssüf ki, Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.

Belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini dərk edən Azərbaycan xalqı öz gələcək taleyini dahi şəxsiyyətə etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda onun dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Ulu Öndər “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”, – deyə müstəqil dövlətçilik məfkurəsində bu mübarizənin son dayanacağının inkişaf etmiş Azərbaycan olacağını göstərmiş oldu.

Ə.Ələkbərli deyib ki, Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və onların inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Heydər Əliyevi idarəetmənin ustadı və siyasətin kamil bilicisi adlandıran deputat əlavə edib: “Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Ə.Ələkbərli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli-mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi. Həyat amalı “hər şeydən öncə Vətəndir, milli mənafedir” şüarı olan Ümummilli Liderin əməlləri yaşayır, ideyaları layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, nəsillərə örnək olan nümunələr yaradılır. Məhz, buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilib, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanıb.

Seçilən
18
2
azertag.az

3Mənbələr