AZ

Suriya PYD terror təşkilatının lideri Trampın inauqurasiyasına dəvət aldı...

Image

Ramil Hüseynov: “Əsəd rejimi devrildiyi üçün, görünür, Vaşinqtonun PYD ilə bağlı bəzi planları var”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Türkiyəyə qarşı gözlənilməz və hətta deyərdik ki, düşməncə addım atıb. Yayılan məlumatlara görə, Tramp PYD-nin rəhbəri Mazlum Kobani və Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının rəhbəri İlham Əhmədi inauqurasiya mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara dəvət edib.

Onu da qeyd edək ki, Kobani daha əvvəl Trampı ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə "X" yazısında təbrik etmişdi.

Məlumat üçün qeyd edək ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Maraqlıdır, PYD təmsilçilərinin Trampın inauqurasiyasına dəvət olunmasında maraq nədir? Bu faktor gələcəkdə nə kimi rol oynayacaq?

“Bu onu göstərir ki, ABŞ Suriyanın ərazi bütövlüyünün bərpasında maraqlı deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu, olduqca təəssüf doğuran haldır: “Əvvəla qeyd edim ki, 2011-ci ildə Suriyada qanlı vətəndaş müharibəsi başlayanda ABŞ-nin prezidenti Barak Obama idi. Vətəndaş müharibəsi zamanı İŞİD terror təşkilatı sürətlə İraq və Suriyanın müəyyən hissəsini nəzarətə götürdü. İŞİD-ə qarşı mübarizə adı altında ABŞ Suriyada PYD və YPG terror təşkilatlarını himayə etməyə başladı. Bu qruplaşmalar həm müasir silahlarla, həm də hərbi təlimatçılarla təmin edildi. Nəticədə Suriyanın Şimal-Şərqi PYD-nin nəzarətinə keçdi. Eyni zamanda orada ABŞ hərbi bazası var. Söhbət kifayət qədər böyük ərazidən gedir. Halbuki, Suriyanın neft və su ehtiyatlarının böyük hissəsi PYD-nin nəzarətində olan ərazidə yerləşir. 2017-ci ildə Tramp birinci dəfə prezident olandan sonra PYD-yə ABŞ-ın dəstəyi dayanmadı. Əksinə, bəzi məsələlərdə daha da artdı. Bu da Türkiyəni ciddi şəkildə narahat edir. Dəfələrlə Ankara bununla bağlı narahatlığını Vaşinqtona bildirsə də, bir nəticəsi olmayıb. Son günlər Türkiyənin himayə etdiyi Suriya Milli Ordusu Tel-Rıfatı, Membiçi PYD terrorçularından təmizləsə də, bu problem hələ həll olunmayıb. Fərat çayının sol sahilindəki böyük bir ərazi PYD-nin nəzarətindədir. Bəzi məlumatlara görə, ABŞ Suriya və İraqın şimal əraziləri hesabına Kürdüstan dövləti yaradır. Bu isə Türkiyə üçün ciddi təhdid deməkdir. Mazlum Kobaninin Trampın inauqurasiyasına dəvət edilməsi müəyyən təhlükələrdən xəbər verir. Əsəd rejimi devirildiyi üçün, görünür, Vaşinqtonun PYD ilə bağlı bəzi planları var. Yoxsa terrorçunu o cür tədbirə niyə dəvət etsinlər ki? Bu onu göstərir ki, ABŞ Suriyanın ərazi bütövlüyünün bərpasında maraqlı deyil. Suriyanı parçalayıb PYD-yə meydan vermək istəyirlər. Parçalanmış Suriya isə ən çox İsrailin maraqlarına xidmət edir”.

Vidadi ORDAHALLI





Seçilən
83
50
baki-xeber.com

10Mənbələr