Azərbaycan Premyer Liqasında 16 tur geridə qalıb.
“FutbolPress“in məlumatına görə, geridə qalan oyunlardan sonra səfər matçlarında ən yaxşı nəticə göstərən komanda lider “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin yetirmələri qonaq kimi keçirdiyi 8 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib. Səfərdə məğlubiyyəti unudan naxçıvanlılar bu görüşlərdə 11 qol vurub, 2-ni buraxıb.
Bu göstəricidə ikinci pillədə “Qarabağ” yer alıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8 səfər oyununda 6 qələbə qazanıb, 2 heç-heçə edib. Qolların nisbəti 20:3-dür.
“Üçlüy”ü “Turan Tovuz” tamamlayır. Kurban Berdıyevin yetirmələri 8 səfər matçında 3 qələbə qazanıb, 4 heç-heçə edib, 1 dəfə uduzub. Qolların nisbəti 13:8-dir.
Səfər oyunlarında nəticələri ən pis olan “Səbail”dir. “Dənizçilər” bu mövsüm hələ qonaq olduğu oyunlarda xal qazana bilməyib. “Səbail”lə yanaşı, səfərdə qələbə görməyən digər komanda isə “Neftçi”dir. “Ağ-qaralar” 8 səfər görüşünün 4-də heç-heçə edib, 4-də uduzub.
Şahin Cəfərov