AZ

Golan təpələri İsrail üçün həm də şirin su qaynağıdır - ŞƏRH

İsrail, Suriyanın hazırkı zəif vəziyyətindən istifadə edərək bu strateji ərazilər üzərində nəzarətini daha da gücləndirməyə çalışır
 
İsrail Baş naziri Benyamin Netanyahu açıqlayıb ki, Qolan təpələri həmişəlik bizim olacaq. Qeyd edək ki, Suriyadakı qarışıqlıqdan istifadə edən İsrail hərbçiləri bufer-zonada, Qolan təpələrində, Suriya ilə sərhəddə yeni hərbi birləşmələr yerləşdirməyə, eləcə də sərhəd istehkamlarını gücləndirməyə davam edir. 


Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Oqtay Qasımov bildirib ki, Golan təpələri İsrail üçün mühüm strateji əhəmiyyətin kəsb edir:

"İsrail ordusunun Golan təpələrini və digər bufer zonasını işğal etməsi, xüsusilə 1973-cü il müharibəsindən sonra regionu əhəmiyyətli dərəcədə dəyişdi. Golan təpələri o vaxtkı şəraitdə 70%-i İsrailin, 30%-i isə Suriyanın nəzarətində idi. Bu ərazi strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı, çünki hər iki ölkəyə geniş bir ərazini müşahidə və nəzarətdə saxlamaq imkanı verirdi. Bununla belə, Golan təpələri İsrail üçün yalnız hərbi baxımdan deyil, həm də iqtisadi cəhətdən əhəmiyyətlidir. Buradakı şirin su mənbələri İsrail üçün əvəzedilməz bir qaynaqdır. İsrail, Suriyanın hazırkı zəif vəziyyətindən istifadə edərək bu strateji ərazilər üzərində nəzarətini daha da gücləndirməyə çalışır. Təbii ki, bu addımlar beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiya ilə qarşılanır. Lakin İsrail rəhbərliyinin, xüsusən də Netanyahunun açıqlamaları göstərir ki, bu mövzu ilə bağlı mövqeləri dəyişməzdir və İsrail bu əraziləri öz torpaqlarına rəsmi şəkildə birləşdirməkdə israrlıdır. Baş verən hadisələrə isə ABŞ-nin münasibəti isə hər zamankı kimidir. Ağ Ev Orta Şərqdəki hadisələrdə İsrailin maraqlarını qorumaqla öz maraqlarını da qoruyur". 

Ekspert əlavə edib ki, Hizbullahın bu məsələyə münasibətinə gəlincə, təşkilat ağır zərbələr almasına baxmayaraq, İsraili əsas düşmən kimi görməyə davam edir:

"Hizbullahın bəyanatları onun İsrailə qarşı ideoloji mübarizənin davam etdiyini göstərir. Təşkilat özünü müsəlman dünyasının müdafiəçilərindən biri kimi təqdim edir və bu səbəbdən İsrailə qarşı mövqeyi dəyişməz qalır. Hesab edirəm ki, yaxın zamanda İsrail və Suriyadakı qüvvələr arasında genişmiqyaslı bir hərbi qarşıdurmanın baş verəcəyini düşünmək çətindir. İsrail bu ehtimalın qarşısını almaq üçün Suriyadakı hərbi obyektləri, silah anbarlarını və digər strateji mövqeləri əvvəlcədən hədəf alaraq, potensial təhdidləri neytrallaşdırmağa çalışır".
Seçilən
28
34
sherg.az

10Mənbələr