Bildiyimiz kimi, son zamanlar Suriyada bir çox problemlər müşahidə olunur. Bunlardan biri də Əsəd rejiminin dağılmasıdır.
Bəs Türk dövlətləri Suriyadakı prosesdə niyə aktiv deyil?
Mövzu ilə bağlı politoloq Sultan Zahidov İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, bu hadisəyə biganə qalmayan əsas dövlətlərdən biri də Türkiyədir.
“Biz bilirik ki, Suriya Milli Ordusu əsasən Türkiyədə olan dəstəklə qidalanır. Bu zamana qədər Milli Ordunun hücum etməməsinin əsas səbəbi Türkiyənin ona imkan verməməsi idi”.
Politoloq həmçinin Suriyada Əsəd rejiminin 12 gün ərzində devrildiyini qeyd edib:
“Burada əsas məsələ odur ki, Mərkəzi Asiya dövlətləri bir o qədər bu hadisəyə maraqlı deyil. Suriya Türk dövlətlərindən yalnız Türkiyə ilə həmsərhəddir. Təbii ki, bir dövlət həmsərhəd olan qonşusu ilə maraqlanar. Bu proseslərə müəyyən qədər təsir göstərməyə çalışır. Amma Mərkəzi Asiya dövlətləri bu kateqoriyaya aid deyil. Suriyada Əsədin əsas himayədarı Rusiya idi. Mərkəzi Asiya dövlətləri Rusiya ilə münasibətləri nəzərə alaraq proseslərə müdaxilə etmirdilər. Çünki Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə iqtisadi və hərbi cəhətdən bağlılığı böyükdür”.
Fatimə Məmmədova