AZ

"Qarabağ"ı qabaqlayan klubdakı birliyə baxın - VİDEO

Premyer Liqada "Araz Naxçıvan" fırtınası davam edir.

Elmar Baxşıyevin komandası 16-cı turdan sonra artıq turnir cədvəlinin vahid lideridir.

"Qırmızı-ağlar"ı zirvəyə aparan səbəblər çoxdur.

Amma təcrübəli mütəxəssisin Muxtar Respublika təmsilçisində yaratdığı mehriban ailə mühitini xüsusi qeyd etməsək olmaz.

Buna "Səbail"lə son görüşdə bir daha şahid olduq.

Fasilə ərəfəsində "Araz" penalti vurmaq hüququ qazandı.

Topu götürüb nöqtəyə yaxınlaşan Felipe Santos üçün belə fürsət göydəndüşmə idi.

Həm komandasını önə çıxarmaq, həm də bombardirlər cədvəlində rəqiblərindən uzaqlaşmaq baxımından.

Lakin bir az pauza edəndən sonra fikrini dəyişən braziliyalı, şəxsi marağını kənara ataraq topu həmyerlisi Ramon Maçadoya uzatdı.

Məqsəd sonuncu dəfə 78 gün öncə fərqlənən forvardın "qol orucu"nu pozmasına yardım etmək idi.

Bəli, bu qədər uzun müddətdir qol vurmaqda çətinlik yaşayan birinə belə məqamda etibar etmək riskli idi.

Amma həm də arxasında böyük inam, mənəvi dəstək dayanırdı.

Maçado da ona olan güvəni puç etmədi.

İmkanı boşa verməyən 33 yaşlı hücumçunu bütün komanda yoldaşlarının bir-bir təbrik etməsi də gözdən qaçmadı.

Bugünkü "Araz Naxçıvan"ı uğura aparan məhz bu birlikdir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Haqqında bəhz etdiyimiz hadisənin görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz:

Seçilən
33
sportinfo.az

1Mənbələr