Turan yolu adlandırılan Zəngəzur dəhlizi türk dünyasının birlik və həmrəylik rəmzi, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızı doğma torpaqlarına qovuşduracaq, həsrətə son qoyacaq vüsal körpüsü olacaq
İqtisadi inkişafın əsas amillərindən olan enerji ilə təminat, yol-nəqliyyat infrastrukturunun bərpası, inşası hər bir ölkənin daxili və xarici siyasətinin başlıca şərtlərindəndir. 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilən ərazilərimizdə bu sahələrə xüsüsi diqqət göstərilməsi təsadüfi deyil. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik, daxili və xarici siyasətin zamanın tələbinə uyğun proqnozlaşdırılması regional əməkdaşlıq baxımından da önəmlidir.
Bakıda ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövsusuna həsr olunmuş beynəlxalq konfransda bu kimi amillərin Cənubi Qafqaz ölkələrinin siyasi, iqtisadi inkişafına təsirindən ətraflı bəhs edən Prezident İlham Əliyev Azərbaycanın, Türkiyənin, Gürsüstanın birgə iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrinin yaratdığı əməkdaşlıq formatının beynəlxalq əhəmiyyətini də diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanın iştirakını nəzərdə tutan 3+3 formatı ən səmərəli variant kimi dəstəkləndi. Başlıca hədəfi Zəngəzur dəhlizinin bərpası olan bu təşəbbüs bölgədə sülhə xidmət edəcək ən önəmli körpünün reallaşmasıdır. «Çünki bu dəhlizlər hamımızın marağındadır. Odur ki, indi xəritəyə baxsanız görərsiniz, - xüsusən də əvvəllər əlavə yüklərə ehtiyac olduğu barədə dediklərimizi nəzərə alsaq, - bizə əlavə marşrutlar lazımdır. Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq» sözləri ilə dəhlizin yaranmasına əngəl olan İrana və Ermənistana səmərəli təkliflərini irəli sürən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu yolun açılması bizim maraqlarımızdan daha çox Ermənistana lazımdır. Hazırda Azərbaycan Türkiyə ilə Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edir. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın digər rayonları ilə tarixi torpaqlarımız olan Naxçıvan Muxtar Respublikasını dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək əlaqələr asanlaşacaq. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına hər vasitə ilə əngəl olan, türk dünyasını birləşdirəcək qardaşlıq körpüsü olacaq, geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasını da müxətlif bəhanələrlə yubadan Qərbi təşvişə salan da bu amildir.
Bəllidir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) regional geosiyasi balanslaşdırma strategiyalarını müəyyən edir. Orta Dəhliz Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. O, Çin və Avropa İttifaqının (Aİ) konteyner dəmir yolu yük şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirir. Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir. Bu dəhlizlə hərəkət edən qatarlar Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu amil nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Gələcəkdə yeni çağırışlara hazır olmaq üçün bu nəqliyyat dəhlizinin imkanlarının təkmilləşdirilməsi, gücləndirilməsi geosiyai əhəmiyyət baxımından daha zəruridir.
«Bizim digər marşrutlardan fərqimiz həm də ondan ibarətdir ki, Türkiyə, Şimali Afrika ölkələri və Avropa ölkələrinə yaxınıq» söyləyən Prezident İlham Əliyev bu infrastrukturun ayrılmaz parçası olacaq Zəngəzur dəhlizinin işə düşməsini Orta Dəhlizin keçid qabiliyyətinin artması kimi dəyərləndirir: «Zəngəzur dəhlizi işə düşən kimi biz onu Orta Dəhlizimizə daxil etməyə və onun üstünlüklərindən yararlanmağa çalışacağıq. Biz yükdaşıma müddəti baxımından qalib gələ bilərik. Düzdür, məsələ hələ ki, siyasi yolla həllini tapmayıb, amma gec-tez bütün bunlar gerçəkləşəcək. Biz onun üstünlüklərindən yük axınlarını birləşdirmək üçün istifadə edəcəyik. Çünki yükdaşımaları zamanla artacaq və biz müxtəlif yollarla işləyəcəyik.»
Bu vasitə ilə Qırğızıstan, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə daşımalara daha geniş şərait yaradılacaq. Dünyada mövcud geosiyasi vəziyyətlə əlaqədar kəskin artımın müşahidə olunduğu , infrastruktur tıxaclarına, dəmir yolu hissələrində və marşrut boyunca dəniz limanlarında ləngimələrin yaratdığı problemələrin aradan qaldırılması baxımından dəhlizlərdən istifadə imkanlarının genişlənməsi labüddür. Xatırladaq ki, Qazaxıstanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, xüsusən də nəqliyyat və logistika sektorunda əməkdaşlıq yüksək səviyyədədir.
Artıq bütün dünya ictimaiyyəti bir həqiqəti dərk edir ki, Azərbaycan Orta Dəhliz çərçivəsində çox strateji və açar ölkədir. Bu təşəbbüs çərçivəsində Azərbaycan iqtisadi əməkdaşlığını dərinləşdirməyi, şaxələndirməyi və Asiya ölkələri ilə siyasi dialoqu inkişaf etdirməyi hədəfləməsi də təsadüfi deyil.
2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi Orta Dəhlizin mühüm tərkib hissəsi kimi diqqəti cəlb etdi. Xətti Əfqanıstana qədər uzadacaq Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizinin də gündəmdə olması Orta Dəhlizin potensial gücünün daşıma müddətlərini azaldacaq. Azərbaycan 2053-cü ilə qədər dəmir yolu ilə yük daşıma payını 30 faizə çatdırmağı hədəfləyir. Sözügedən nəqliyyat dəhlizində daşınan yüklərin həcmi 3 milyon tona yaxınlaşdığı halda, gələcəkdə bunun 10 milyon tona çatdırılması gözlənilir. Bu dəhliz həm də Avropaya ticarət yollarını təşkil edən, Çinin müəllifi olduğu, Azərbaycanın da qoşulduğu «Bir kəmər, bir yol»” təşəbbüsü təbii sinerji yaradır. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin geosiyasi əhəmiyyəti daha da artacaq. Bu şəraiti tezləşdirmək üçün Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə ərazisində yerləşən xətlərinin tikintisi ilə bağlı da inamlı addımlar atılır. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində inşa işlərini sürətləndirir.
Paytaxtımızda 50-dən artıq dövlətin beyin mərkəzlərinin, tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə keçirilən «Qlobal dünya nizamına təhdidlər» mövzusunda Bakı Forumunda prinsipial və qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bir daha bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər Azərbaycana Naxçıvanla qərb rayonları arasında əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin, birgə yaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylər uğursuz olacaq. Çünki bu dəhlizin açılması ilk növbədə Ermənistanın məlum hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın doqquzuncu bəndinin tələbidir.
Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın gətirdiyi bəhanələrin heç bir əsası yoxdur. Azərbaycan dəhlizin açılması istiqamətində Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu layihələri üzrə öhdəliklərinə sadiqdir. Zəngəzur dəhlizini gerçəkləşdirməsi ilə regionda yeni reallıqların əsası qoyulacaq, Ermənistan da bu yoldan istifadə etməklə iqtisadi inkişafını gücləndirə bilər. Dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura qayıdışını da təmin edəcək. Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verə bilər.
Həmçinin bu dəhliz Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci nəqliyyat vasitəsi olacaq. Ən önəmlisi isə bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu şəraitin mümkün olduğu qədər tezləşməsi üçün Azərbaycanla qardaş Türkiyə əməli addımlar atırlar. Hədəf Zəngəzur dəhlizi boyunca avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində türk birliyinin daha da gücləndirilməsinə nail olmaqdır. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də bu dəhlizin önəmi diqqətdə saxlanılıb. Prezident İlham Əliyev «Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri ilə bildirir ki, Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirəcək. Eyni zamanda ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxaracaq. Ona görə də Prezident İlham Əliyevin təbirincə desək, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Böyük Turan yolunun ayrılmaz parçası olacaq. Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata-baba vəsiyyətini yerinə yetirmiş olacaq. Zəngəzur dəhlizinin bağlanmasını türk dünyasının coğrafi parçalanması kimi dərk edən ermənilər artıq bilirlər ki, nə qədər canfəşanlıq göstərsələr, hiylələrə, bəhanələrə əl atsalar da beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi açılacaq. Çinin «China Media Group» korporasiyasının müxbirinə verdiyi müsahibəsində Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti haqqında fikirlərini «Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq… Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik» sözləri ilə izah edən, Zəngəzur dəhlizini bütün tərəfdaş ölkələr üçün yaranan gözəl fürsət adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu yolun bərpası Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Ulu Öndər Heydər Əliyevin həyata keçirmək istədiyi missiyanı gerçəkləşdirir.
Tbilisidə keçirilən İpək Yolu Forumunda Zəngəzur dəhlizini «sülhün kəsişməsi» kimi anlamsız ifadə adlandırmaqla növbəti manipulyasiyası ilə beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm infrastrukturdan yayındırmağa çalışan Ermənistanın baş naziri Nikol Paşinyana «Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, «Zəngəzur dəhlizi» sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu «sülh yol kəsişməsi» adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil» sözləri ilə siyasi, tarixi dərs verən Prezident İlham Əliyev xalqımızın mənəvi sərvətlərinə, ata-babalarımızın bugünkü nəslimizə ərmağan qoyduğu mirasa sahib çıxacaqlarını da bəyan edir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi «Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”» sözləri qətiyyətin, siyasi iradənin, vətəndaşlıq mövqeyinə, milli-mənəvi dəyərlərimizə sadiqliyin, ən başlıcası isə suverenliyimizin əbədiliyinə etibarlı qarantdır. Zəngəzur dəhlizi Ermənistanın dəfələrlə həyata keçirdiyi etnik təmizləmə siyasətinin, deportasiyaların qurbanları olan soydaşlarımızı doğma torpaqları Qərbi Azərbaycana aparacaq, həsrətə son qoyacaq vüsal yolu kimi tarixi missiyasını davam etdirəcək
Xuraman İsmayılqızı, «İki sahil»