AZ

Azərbaycan beynəlxalq təşkilatın idarə etməsinə üzv seçildi

Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. 

Milli.Az bildirir ki, Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. 

Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir.  

Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən "İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat" hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. 
Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək.
Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin "Avropa heyvan rifahı platforması"nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
 

Milli.Az

Seçilən
18
10
milli.az

10Mənbələr