Azərbaycan Premyer Liqasında 16 tur geridə qalıb. “Qarabağ” bu turda xal itirərək liderliyi “Araz-Naxçıvan”a verib. “Neftçi” və “Kəpəz” məğlub olub, “Zirə” və “Sumqayıt” inamlı qələbəyə sevinib. Autsayder “Səbail” isə turu xalsız başa vurub.
Millinin sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında turu dəyərləndirdi:
Sabah – Qarabağ 1:1
“Qarabağ”ın əsl silahı iki-üç oyunçudur. Yəni, açar oyunçulardır. Bunlar olmayanda daxili çempionatda da çətinliklərlə üzləşirlər. Zubir, Medina, Elvin Cəfərquliyev kimi oyunçuların yoxluğu təsir edir. Xoşdur ki, legionerlərlə yanaşı, yerli oyunçuların da adı hallanır. “Sabah”la oyunda “Qarabağ” effektivlik baxımından çətinlik çəkirdi. Adını çəkdiyim oyunçuların meydana daxil olmasından sonra komanda təzyiqi artıra bildi. “Sabah” isə məşqçi dəyişikliyindən sonra yüksəlişə doğru gedir. Təəccüb edən hal odur ki, komandanın baş məşqçisi Vasili Berezutski fərqli sistemlərlə oynayır. Lakin son dəqiqələrdə hiss olundu ki, komanda fiziki çatdırmır. Əvəzetmədən oyuna daxil olanların da keyfiyyəti sözünü dedi. Ümumi oyuna baxanda düşünürəm ki, bərabərlik ədalətli nəticə idi”.
Kəpəz – Zirə 0:4
“Zirə” möhtəşəm keçidlərlə qollar vurdu. Bu, onların üzərlərində işlədikləri şeydir. Digər tərəfdən də “Kəpəz” açıq futbol oynamaq istədi və bunun acısını çəkdilər. “Zirə”nin möhtəşəm oyunçuları bunlardan istifadə etdilər və inamlı qələbə qazandılar”.
Turan Tovuz – Şamaxı 3:2
“Son günlərdə “Şamaxı” haqda çıxan xoşa gəlməyən söhbətlər var. Bunun nə dərəcə doğru olduğunu bilmirəm. Tanıdığım Ayxan Abbasov heç nədən kimisə komandadan uzaqlaşdırmaz. Maraqlıdır ki, “Şamaxı”nın bu cür söhbətlər fonunda böyük hesablı məğlubiyyətləri yoxdur. “Turan Tovuz”la oyunda da yaxşı oynadılar, sadəcə bir az bəxt amili tovuzlulardan yana oldu. Oyun hər iki tərəfə gedə bilərdi, lakin sonda gülən “Turan Tovuz” oldu. Tovuz təmsilçisi çempionatda yaxşı çıxış göstərib, amma oyunçu keyfiyyət istənilən səviyyədə deyil. Belə davam etsələr, çətin olacaq. Məsələn, “Qarabağ”la oyunda sürətli hücuma çıxa bilir, ancaq özlərinə bab komandalarla oyunda dominantlıq etməkdə çətinlik çəkir. Komanda optimal formasında deyil”.
Sumqayıt – Neftçi 2:0
“Sumqayıt” “Neftçi”yə qarşı yüksək motivasiya və inamla oynadı. Bu faktorlar komandanın oyununa müsbət təsir göstərdi. Lakin oyunun xronologiyasına baxsaq, hər iki komanda böyük qüvvə ilə irəli gedirdi. “Sumqayıt” üçün bu, təqdirəlayiqdir. Ancaq “Neftçi” də imkanlarını boşa verdi. “Neftçi”nin futbolçularının keyfiyyəti məni təəccübləndirir. Kamran Quliyev üç müdafiəçinin arasından qol vurur. Burda məşqçi Samir Abasov nə etsin? “Neftçi” bu cür situasiyada belə oynamalı deyil. Mustafa Sek fərdi səhvdən sonra komandasının qol buraxmasına səbəb oldu. Rza Cəfərov da qolları bəlkə də, çıxara bilərdi. “Neftçi”də 1-2 oyunçudan başqa özünəinamlı oynayan yoxdur”.
Araz-Naxçıvan – Səbail 2:0
“Araz-Naxçıvan”ın “Səbail”lə oyunda qələbə qazanacağı şübhə doğurmurdu. Son turlardakı performansı bunu deməyə əsas verirdi. “Araz-Naxçıvan”da balanslı komanda formalaşdırılıb və rəqiblərin zəif dönəmlərindən istifadə edirlər. Qurulan komanda ilə daxildəki ab-havanı da qoruyurlar. Məşqçinin üslubu, oyunçuların keyfiyyətləri liderliyə gətirib çıxarıb. Amma düşünürəm ki, bu da müvəqqətidir. Çünki “Qarabağ”ın ehtiyatda bir oyunu var və böyük ehtimal onu qazanacaqlar. “Araz-Naxçıvan” kimi potensialı aşağı olan və balanslı oynaya bilən komanda yoxdur. Minimum imkanlarla maksimum nəticələrə imza atırlar. Bunun da səbəbi məşqçinin yaratdığı mühit və alınan oyunçulardır. Hücumda, müdafiədə hər oyunçu mövqeyində inamlıdır. Möhtəşəm balans var. Qara Qarayevin də transfer edilməsi güclərini artırdılar. Komanda az qol vurur, az qol buraxır. Kompakt, balanslı şəkildə oynayırlar. “Sabah”ın, “Neftçi”nin qazandığı qədər qol imkanı yaratmasalar da, minimumdan yararlana bilirlər. Bu cür oynayırsansa, bəlli nöqtəyə gəlib çıxa bilirsən. Onların uğurunun səbəbi məhz bu mühit və balansdır. Oyunçu xoşbəxt olduğu yerdə maksimumunu verə bilər.
Hesab edirəm ki, ikinci dövrədə bir çox komanda güclənəcək. “Sabah”, “Neftçi”, “Turan Tovuz”, hətta “Səbail” belə transferlər edəcək. Rəqiblər güclənsə, “Araz-Naxçıvan” üçün mövqeyini qorumaq çətin olacaq. Baxmayaraq ki, 10-12 xallıq fərq var, komanda güclənməlidir. Mövsümün gedişatında dəyişikliyə ehtiyac yaransa, komanda çətinə düşə bilər”.
Şahin Cəfərov