AZ

“Neftçi” üçün yeganə çıxış yolu – Yeniləyin, vəssalam

“Neftçi”nin 8 illik fasilədən sonra bayram etdiyi çempionluğu xatırlayırsınız?

Baş məşqçi kim idi?

Samir Abasov.

Bəs, futbolçular?

Qapıda Səlahət Ağayevlə Aqil Məmmədov, müdafiədə Voislav Stankoviç, Mamadu Mboc, Anton Krivotsyuk, Tallison, yarımmüdafiədə Keysuke Honda, Namiq Ələsgərov, Emin Mahmudov, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, hücumda Stiven Jozef-Monroz, Ahmed Ahmedov, Mirabdulla Abbasov.

O vaxt üçün sıradan heyət hesab olunurdu, deyilmi? Səviyyə baxımından “Qarabağ”a yaxın düşə bilməzdi bu kadro. Amma çempion olmağı bacarmışdı.

Və çox keçmədən həmin futbolçulardan bir neçəsi - Kane, Laval və Buqrin başqa klublara satılmışdı. Yəni potensialları “Neftçi”dəkindən daha artığını etməyə imkan verirdi.

İllər keçib, dövr dəyişib.

Baş məşqçi yenə Samir Abasovdur. Bəs, sərəncamındakı futbolçular?

Bəli, hərəsinin özünə görə karyerası, keçdiyi məlum yol var. Ancaq bu heyət çempion olmaq bir tərəfə, heç medal qazanmağa imkan vermir.

Yaşı 30-u keçənlərin sayı N qədərdir. Məğlubiyyət bu futbolçular üçün adiləşib. Kollektivdə pozulan ab-havanı bu oyunçularla aradan qaldırmaq qeyri-mümkündür.

3 il əvvəl Kaneylə Laval üçün “Neftçi”nin qapısını döyənlərə indiki heyətdən kimi istəyirsən pulsuz ver, götürməzlər. Tükəniblər, yox kimi olublar. Bu komandanı çiyinlərində daşıyacaq lider yoxdur.

Durum təsəvvür edəcəyimiz dərəcədə katastrofik deyil. Maşını idarə etmək üçün titullu təcrübəli pilot var. Sadəcə, istismar müddəti başa çatmış ehtiyat hissələrini yeniləmək lazımdır.

Hər il milyonları havaya sovurub göyə baxmaqdansa, bir dəfə ağır yükün altına girib, təzminat və transfer maliyyəsi ayırsalar, vəziyyət gül olacaq.

Yalnız bu halda “Neftçi” əzəmətini geri qaytaracaq. Əks halda çətin.

HƏBİB

phrase_var_article.chosen
6
sportinfo.az

1phrase_var_article.sources