AZ

"Bəy tərəfi cürbəcür şayiələr buraxır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan insanı sanki 21-ci əsrdə deyil, 16-18-ci əsrlərdə yaşayır. Təəssüflər olsun ki, nəsillər dəyişir, amma ailə-məişət məsələləri, mental dəyərlər baxımından düşüncə tərzimiz hələ də islah olunmaq istəmir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, "İndiki qızlar tənbəldir, rahata qaçırlar" deyəndə oğlanlar haqqında o barədə danışmağı özlərinə rəva bilmirlər: "Amma oğlan, kişi, bəylərimiz heç də tənbəllik baxımından qızlardan geri qalmırlar. Fiziki əməklə məşğul olmaq istəməyən bir nəsil yaranıb. Gənclər həm cəmiyyətdə, həm iş yerində, həm öz həyatlarında, ailədə vəzifə və hüquqlarını demək olar ki, bilmirlər. "Evlənmişəm, bütün ev işlərini qadın görməlidir, uşağa o baxmalı, məktəbə də o aparmalıdır" deyən gənc oğlanlar və haqlarını tələb edən, "işdə də, evdə çalışıramsa, nə üçün həyat yoldaşım mənə kömək etməməlidir" deyən qızlar var. Düşüncə tərzimiz dəyişməlidir. Siz ailənin harmonik inkişafını istəyirsinizsə, boşanmalara qarşısınızsa, həm oglunuzu, həm də qızınızı gələcək ailəyə hazırlamalısınız. Onlara anlatmalısınız ki, ailə heç də kənardan görünən sevgi ocağı deyil. Həm də əzab-əziyyət, uşaq böyütmək, həm çöldə, həm evdə çalışmaq, durmadan nəyisə qazanmaq və eyni zamanda öz tərəfdaşını hər mənada zənginlikdə saxlamaq üçün iki tərəfin birləşdiyi ittifaqdır. Həm gənc oğlan, həm də gənc xanım gələcəkdə ailədə vəzifələrin bölünməsini qəbul etməlidir".

"İndi komfort üçün çox böyük imkanlar var. Yemək bişirən aparatlardan tutmuş, qabyuyan və sair, robot tozsoranların da ixtirası ailədə cinslərin bərabərliyinə yönəlib. Yetər ki, bunu anlayasınız, qadın-kişi olaraq hüquqlarınızın sərhədi qədər azadlıq tələb edəsiniz. Təəssüf ki, bu, bizdə yoxdur. Biz tənbəl oğlanlar, kişilər formalaşdırırıq. Çayxanada oturan, kafedə nərd atan, futbol oynayan, dostları ilə gəzməyə gedən, gecə-gündüz çöldə olan bəylərdən ibarət cəmiyyət formalaşdırmışıq. Amma qızlarımızı evin içinə salmaq istəyirik. Bilmirdik ki, qızlar da bir gün ayılacaqlar, hüquqlarını biləcəklər, dünyada gedən gender bərabərliyi fəlsəfəsini dərk edəcəklər? Həyatlarına tətbiq edəndə isə boşanmalar baş verir. Bəy tərəfi cürbəcür şayiələr buraxır, xanım tərəfi məhkəməyə verir, aliment davası, uşaqların, varidatın bölünməsi kimi böyük münaqişələr yaranır. Beləcə cəmiyyətdə gərginlik çoxalır. Ona görə də, gənclər dərk etməlidirlər ki, kişi də, qadın da ev, çöl işləri, pul qazanmaq, iqtisadi vəziyyət, ailənin nüfuzu onların hər ikisinin bərabər vəzifəsidir. Eyni zamanda ailədə çoxalma varsa, uşaqları böyütmək, yaşlılara qayğı göstərmək də onların bərabər işidir. Əgər bunu istəmirsinizsə, onda evlənməyə dəyməz. Əgər evlənirsinizsə, boşanmamaq üçün bunları mütləq nəzərə almalısınız" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
4
sia.az

1Mənbələr