AZ

Agentliyin şöbə müdiri: 21 ölkənin 101 ali təhsil müəssisəsində ümumilikdə 981 azərbaycanlı tələbə təhsil alır

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan vətəndaşlarının xaricdə təhsilini dəstəkləmək məqsədilə həyata keçirilən proqramlar çərçivəsində, bakalavriat səviyyəsində 125, magistratura səviyyəsində isə 375 nəfər təqaüd qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinin 101 ali təhsil müəssisəsində ümumilikdə 981 azərbaycanlı tələbə təhsil alır.

AZƏRTAC xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

O bildirib ki, Azərbaycan vətəndaşları üçün dövlət hesabına xaricdə təhsil imkanları, həmçinin Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təklif edilir: “Hazırda HTP çərçivəsində 9 ölkə ilə əməkdaşlıq həyata keçirilir. Cari tədris ilində HTP çərçivəsində müraciət edənlərin sayı 1000-dən çox olub və onlardan 188 nəfəri müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

HTP çərçivəsində ən cəlbedici proqramlar Macarıstan və Çin ilə bağlıdır. Bununla yanaşı, cari tədris ilində Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında artan iqtisadi, siyasi və mədəni əməkdaşlıqlar çərçivəsində layihələrdə canlanma müşahidə olunur. Belə ki, cari tədris ilində ilk dəfə 7 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb”.

Müjdat Həsənov bildirib ki, hazırda 500-dən çox azərbaycanlı tələbə adıçəkilən ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirir: “HTP çərçivəsində xaricdə təhsil alan azərbaycanlılar əsasən iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, texniki və texnoloji sahələr, təbiət elmləri və digər istiqamətlər üzrə ixtisaslaşır. Beynəlxalq mübadilə proqramlarında iştirak məsələsinə gəldikdə, hazırda 18 yerli ali təhsil müəssisəsi bu cür proqramlara fəal şəkildə qoşulub”.

Seçilən
14
6
azertag.az

7Mənbələr