Bakı, 11 dekabr, AZƏRTAC
Hökumətlərarası tələbə mübadiləsi proqramları çərçivəsində tələbə sayının artırılması hədəflənib. Əvvəlki dövrlərdə əsas göstərici xaricə tələbə göndərmək olsa da, hazırda Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artırılmasına da xüsusi diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir bildirib ki, son illərdə Azərbaycanda təhsil alan xarici tələbələrin sayı nəzərəçarpacaq dərəcədə artıb. Hazırda bu rəqəm təxminən 11 mindir və yaxın gələcəkdə 21 minə çatdırılması planlaşdırılır: “Bu, ali təhsil müəssisələrində mədəni müxtəlifliyin artırılması və Azərbaycanın təhsil təcrübəsinin dünyaya tanıdılması üçün mühüm addımdır. Heydər Əliyev Təqaüdü kimi xüsusi proqramlar çərçivəsində, xarici tələbələrin Azərbaycanda təhsil alması üçün yeni imkanlar yaradılıb. Bu təşəbbüs xarici ölkələrin Azərbaycanda ali təhsil imkanlarından istifadə etməkdə maraqlı olduğunu göstərir”.
Nazir qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrinin məzunları hazırda dünyanın müxtəlif ölkələrində mühüm vəzifələrdə çalışırlar: “Bu ənənəyə söykənərək, gələcəkdə daha çox tələbənin yüksəksəviyyəli təhsil alması və beynəlxalq əməkdaşlığın genişlənməsi hədəflənir. COP29 çərçivəsində keçirilmiş görüşlərdə dünya ölkələrinin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyə maraqlı olduqları müşahidə edilib. Hazırda bu istiqamətdə sıx iş aparılır və bir çox ölkələr öz vətəndaşlarını Azərbaycanda ali təhsil almağa təşviq edirlər”.