Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev həm beynəlxalq idman yarışlarında, həm də ölkə çempionatlarında yüksək nəticələr əldə etmiş rayonun idmançıları və onların məşqçi-müəllimləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Aşihara Karate Klubunun, Göygöl taekvando bölməsinin, İrəvan İdman Klubunun, Sensey idman klubunun,"Wolf Fights" idman klubunun idmançıları, həmçinin digər idman növləri üzrə fəallıq göstərən idmançılar və məşqçilər iştirak ediblər.
Görüşdə İcra Hakimiyyətinin başçısı çıxışında idmançıları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışaraq, bu sahədə uğurlu nəticələrin əldə olunmasında idmançıların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini, idmançının yarış mühitində formalaşdığını qeyd edib və Göygöl rayonunda idman mühitinin qorunub saxlanıldığını xüsusi vurğulayıb.
Çıxış edən idmançılar və məşqçilər idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda rayonumuzda idman sahəsinin inkişafına xüsusi diqqət yetirdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.
Sonra idmanda yüksək nailiyyətlər əldə etmiş idmançılar və məşqçilər Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.