AZ

İsrail Qolanda nəzarəti BÖYÜDÜR: “Qarşısının alınması ehtimalı aşağıdır”

“Təbii ki, hazırkı vəziyyətin İsrail və onun müttəfiqləri tərəfindən sui-istifadə olunması cəhdi açıq görünür. Niyə cəhd? Çünki proseslərin yekunlaşdığını düşünmək hələ ki tezdir. İsrailin indiki həssas dönəmdə atdığı addımların əsas məqsədi öz təhlükəsizliyini təmin etmək və bir növ təhlükəsizlik zonası yaratmaqdır. Beynəlxalq ictimaiyyətin bu addımlara qarşı ciddi reaksiya verməyəcəyinə inanaraq, bu davranışlarını müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Analitik Suriyadakı hakimiyyət çevrilişi nəticəsində İsrailin yaranan boşluqdan istifadə edib Qolan yüksəkliklərində yeni əraziləri ələ keçirməsinin strateji məqsədlərini izah edib:

“Eyni zamanda, Suriya daxilindəki müxalif qüvvələr də vəziyyətin ciddiliyini anlayırlar. Onlar Suriyanın yaralarını sağaltmaq, keçid hökumətini qurmaq, milli birliyi təmin etmək və təhlükəsizlik məsələlərində irəliləyiş əldə etməyə çalışırlar. Bu kontekstdə, İsrailin növbəti aqressiv hərəkətlərinin qarşısının alınması ehtimalı aşağıdır, çünki hazırda Suriya öz daxili problemləri ilə məşğuldur. Amma gələcəkdə sabit və beynəlxalq səviyyədə tanınmış bir Suriya dövləti qurulandan sonra bu məsələlər yenidən gündəmə gələ bilər”.

“İsrailin işğal etdiyi Qolan təpələri məsələsində isə Donald Trampın prezidentliyi dövründə ABŞ-nin bu əraziləri İsrailin tərkib hissəsi kimi tanıması beynəlxalq hüququn pozulmasının açıq nümunəsidir. Bu addım beynəlxalq hüquq normalarına zidd olsa da, İsrail və ABŞ-nin hazırkı siyasətləri çərçivəsində bu mövqe qorunub saxlanılır. Bununla belə, gələcəkdə geosiyasi dəyişikliklər baş verdikcə, Qolan təpələri ilə bağlı məsələlər yenidən müzakirə obyektinə çevrilə bilər”, – deyə o, əlavə edib.

Həmsöhbətimizin fikrincə, Suriyadakı hazırkı proseslər yalnız regional deyil, qlobal təsirlərə malikdir:

“Digər ərəb ölkələrinə və hətta Türkiyəyə təsir göstərə biləcək bu dəyişikliklər perspektivdə ərəb dünyasının fərqli bir güc mərkəzi kimi ortaya çıxmasına səbəb ola bilər. Bu proseslərdə Türkiyə mühüm rola malikdir və regiondakı geosiyasi layihələr Türkiyənin razılığı olmadan həyata keçirilə bilməz. Suriyada sabitliyi təmin etmək üçün isə əvvəlcə ölkə daxilindəki terror ünsürlərinin tamamilə təmizlənməsi və ərazi bütövlüyünün bərpa olunması vacibdir. Yalnız bundan sonra milli birlik və güclü bir dövlət strukturu qurmaq mümkün olacaq. Bu isə həm Suriyanın, həm də regionun gələcəyi üçün həlledici addım olacaq. Bütün bu perspektivlər nəzərə alınaraq, Qolan təpələri məsələsinin “oldu-bitdi” ilə başa çatacağını düşünmək doğru olmaz. Zaman keçdikcə və regional güclərin rolu dəyişdikcə, bu məsələlər yenidən müzakirəyə çıxarılacaq və beynəlxalq hüququn bərpası istiqamətində addımlar atıla bilər”.

Rafi Müslümov

Seçilən
22
yenicag.az

1Mənbələr