AZ

Azərbaycanın məhkəmə-hüquq sistemində strateji davamlılıq

Azərbaycanın müasir dövlətçilik tarixinin banisi, ümummilli lider Heydər Əliyevin anım günü olan 12 dekabr, onun dövlət quruculuğuna, demokratik prinsiplərin təşəkkülünə və hüquqi dövlətin bərqərar olunmasına verdiyi töhfələri xatırlamaq üçün mühüm bir tarixdir. Heydər Əliyev təkcə siyasi lider deyil, həm də hüquqi dövlət anlayışını inkişaf etdirən bir şəxsiyyət kimi Azərbaycanın məhkəmə-hüquq sisteminin modernləşdirilməsində misilsiz rol oynamışdır. Onun hüquq sahəsində həyata keçirdiyi islahatlar müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə hüquqi dövlət imicini möhkəmləndirmişdir.
Müasir Azərbaycanın hüquqi dövlət prinsipləri və məhkəmə-hüquq sistemi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dərin dövlətçilik təcrübəsi ilə formalaşmışdır. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra hüquq sistemində həyata keçirdiyi islahatlarla Azərbaycanın gələcək inkişafına xidmət edən təməl prinsiplər yaratmışdır. Bu prinsiplərin əsasında hüququn aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ədalət mühakiməsinin təmin edilməsi dayanır. Prezident İlham Əliyev isə bu prinsipləri yeni çağırışlara uyğun olaraq inkişaf etdirərək, Azərbaycan məhkəmə-hüquq sistemini müasir dövrün tələblərinə uyğun bir səviyyəyə çatdırmışdır.

Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq, təməli laxlamış dövlətçiliyin fundamental əsaslarının yaradılması və torpaqlarımızın məkrli düşməndən azad edilməsi ilə bərabər, hüquqi, siyasi və sosial problemlərin həllinə başladı. Əsas məqsədlərindən biri hüququn aliliyinə əsaslanan dövlət qurmaq idi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz bu prinsiplərin təminatına yönəlmişdi.

Ulu öndərin birbaşa rəhbərliyi ilə hazırlanan və qəbul edilən Konstitusiyamızda hüququn aliliyi, hakimiyyət bölgüsü prinsipi, məhkəmə müstəqilliyi, insan hüquqları və azadlıqları kimi mühüm hüquqi prinsiplər təsbit edilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məhkəmə-hüquq islahatları Azərbaycanın hüquq sistemini beynəlxalq standartlara uyğunlaşdırdı. 1998-ci ildə məhkəmə-hüquq islahatlarına başlanılaraq, Azərbaycan Respublikasında üçpilləli məhkəmə sistemi təsis edilmiş və müasir dövrün tələblərinə uyğun hüquqi sistemin formalaşması təmin edilmişdir. Bu yeniliklər vətəndaşların hüquqlarının müdafiəsi üçün daha geniş imkanlar yaratdı və məhkəmə qərarlarının daha obyektiv şəkildə nəzərdən keçirilməsini təmin etdi. Elə həmin ildə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması hüquq sistemində əsaslı islahatlardan biri oldu.

Heydər Əliyevin təşəbbüsü ilə hakimlərin müstəqilliyini təmin etmək, onların təyinatında şəffaflığı təmin etmək məqsədilə Məhkəmə-Hüquq Şurası yaradıldı. Hakimlərin təyinatı, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar hazırlığının artırılması bu şuranın əsas vəzifələrinə daxil edildi. Bütün bunlarla bərabər, Heydər Əliyevin rəhbərliyi ilə ümumilikdə hüquq mühafizə orqanlarının yenidən qurulması, inkişaf etdirilməsi, polis, prokurorluq və digər orqanların fəaliyyətində qanunçuluğun artırılması və şəffaflığın təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Həyata keçirilən bu islahatların fonunda insan və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılırdı. Belə ki, 2000-ci ildə yeni Cinayət Məcəlləsinin qəbul edilməsi insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu məcəllə beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanmış və insan hüquqlarının qorunmasını daha da möhkəmləndirmişdir.

Heydər Əliyevin rəhbərliyi altında beynəlxalq əməkdaşlıq genişləndirilərək, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və Azərbaycanın hüquqi dövlət kimi tanınması təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilmiş, İnsan Hüquqları üzrə Avropa Konvensiyası ratifikasiya edilməklə, beynəlxalq hüquq normalarına uyğun məhkəmə qərarlarının qəbulu təmin edilmiş, hüquq sisteminin beynəlxalq səviyyədə tanınması üçün müxtəlif əməkdaşlıq layihələri həyata keçirilmişdir.

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində atasının başladığı hüquqi islahatları daha da inkişaf etdirərək, Azərbaycanın məhkəmə-hüquq sistemini beynəlxalq standartlara uyğun modernləşdirmişdir. Hüquqi dövlətin möhkəmləndirilməsi onun rəhbərliyi altında dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin qoyduğu dövlətçilik prinsiplərinin davamlılığı, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın daha da güclənməsinə xidmət edir. Heydər Əliyevin hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sistemində apardığı islahatlar, onun siyasi xəttini uğurla davam etdirən İlham Əliyevin strateji yanaşması sayəsində yeni inkişaf mərhələsinə yüksəlmişdir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə tətbiq edilən Elektron Məhkəmə sistemi həyata keçirilən əsas hüquqi islahatlardan biridir. Bu sistemin tətbiq olunması ilə hüquqi prosedurların şəffaflığı təmin edildi və vətəndaşların hüquqi müdafiəyə çıxışı asanlaşdırıldı. Elektronlaşma korrupsiyaya qarşı mübarizədə də mühüm rol oynadı.

Bundan başqa, məhz İlham Əliyevin təşəbbüsü ilə hakimlərin təyinatı prosesində şəffaflıq təmin edilmiş, imtahanların obyektiv keçirilməsi üçün müasir mexanizmlər tətbiq edilmişdir. 2020-ci ildə imtahanlar nəticəsində təyin edilmiş gənc hakimlərin sayı artmış, bu da məhkəmə sisteminin daha dinamik və ədalətli olmasını təmin etmişdir. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti hakimlərin təyinatında obyektivlik və ədalət prinsipini təmin edir. Bu, Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına böyük töhfədir.

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığı genişləndirilmiş, insan hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübələr tətbiq edilmiş, Azərbaycanın hüquqi dövlət kimi beynəlxalq imici möhkəmləndirilmişdir.

İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində müasir texnologiyalar tətbiq olunmuş, yeni məhkəmə binaları inşa edilmiş, məhkəmə işlərinin daha effektiv təşkili təmin edilmişdir. Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək üçün ardıcıl addımlar atmış, məhz bunun nəticəsində 2011-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Milli Fəaliyyət Proqramı qəbul edilmişdir. Bu proqram ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində strateji yanaşmanı müəyyən etmişdir.

Bundan başqa, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığı genişləndirilmiş, vətəndaş hüquqlarının beynəlxalq səviyyədə qorunması təmin edilmişdir.

Qadınların Məhkəmə Sistemində artan fəaliyyəti – Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdə rolunun artırılmasına xüsusi diqqət yetirmiş, dövlətimizin başçısı İlham Əliyev isə bu yanaşmanı inkişaf etdirərək məhkəmə sistemində gender bərabərliyini daha da gücləndirmişdir. Son illərdə gənc qadın hakimlərin sayının artması, Azərbaycan məhkəmə-hüquq sisteminin dinamik inkişafını və gender bərabərliyinə yönəlik siyasətin uğurunu göstərir.

Yuxarıda sadalanmış möhtəşəm tədbirləri həyata keçirən ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və hüquqi sistemə verdiyi bu töhfələr Azərbaycan tarixinin ən mühüm səhifələrindən biridir. Bu gün, ümummilli liderin anım günündə, onun yaratdığı hüquqi irsi yaşadaraq inkişaf etdirən Prezident İlham Əliyevə xüsusi təşəkkürlərimizi bildiririk. Hüququn aliliyinə, insan hüquqlarına və ədalət mühakiməsinə olan sadiqlik, Azərbaycan məhkəmə-hüquq sisteminin dayanıqlı inkişafının təminatıdır.

Bu gün, dahi şəxsiyyət Heydər Əliyev dühasından bəhrələnən bir gənc qadın hakim olaraq onun təməllərini qoyduğu hüquqi sistemin bir parçası olmaq mənim üçün böyük şərəfdir. Mənim kimi yüzlərlə gəncin ədalət mühakiməsini həyata keçirmək və hüququn aliliyini təmin etmək üçün yetişməsi, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyevin davam etdirdiyi islahatların nəticəsidir.

Nəinki təkcə anım günündə, milləti ağ günə çıxaran, məhkəmə-hüquq sistemində qadın hakimləri dəstəkləyən, gəncləri irəli çəkən ulu öndərimizi həyatımın hər bir anında ülvi bir sevgi ilə xatırlayır, onun ideyalarını yaşadan və inkişaf etdirən, topaqlarımızın işğaldan azad edilməsi ilə milli kimliyimizi, şərəfimizi, namusumuzu bərqərar edən cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Mən, bir gənc qadın hakim olaraq, ulu öndər Heydər Əliyevin hüquqi dövlət prinsiplərindən ilham alaraq ölkəmizin məhkəmə sistemində çalışmaqdan və ədalət mühakiməsində hüquqi tarazlığı təmin etməkdən qürur duyuram. Onun irsini və cənab İlham Əliyevin strateji siyasətini qoruyaraq, daha ədalətli və inkişaf etmiş bir cəmiyyət qurmaq üçün yorulmadan çalışmaq, bu böyük irsi yaşatmaq və inkişaf etdirmək hər birimizin borcudur.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əyir və onun ruhuna dərin ehtiramımı bildirirəm.

Vəsilə Əliyeva

Salyan Rayon Məhkəməsinin hakimi 
Seçilən
20
e-huquq.az

1Mənbələr