AZ

“Mədəniyyət Nazirliyinin sonsuz etinasızığı ilə üz-üzəyik” - 30 il ərəb ölkələrində fəaliyyət göstərən tədqiqatçıdan nazirliyə ETİRAZ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ərəb Elmi Assossiyasının "seçkin insan" (“asm mumayaz”) titulunun daşıyıcısı, müxtəlif ərəb ölkələrində kitabları nəşr edilən, Azərbaycanda əl-Fərabi tədqiqatlarının ilk araşdırmaçısı Elmira Axundova tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.

Mədəniyyət Nazirliyinin etinasızığından şikayətlənən şikayətçi deyir ki, ərəb ölkələrində 30 illlik fəaliyyətindən sonra vətənə dönərək, öz əməyinin hesabatını nazirliyə təqdim edib. Lakin gözlədiyinin əksinə olaraq, Mədəniyyət Nazirliyinin sonsuz etinasızığı ilə üz-üzə qalıb:

“Eyni münasibət həyat yoldaşım (Pedaqogika üzrə fəlsəfə doktoru) Əsgər Ələkbərova da nümayiş etdirilir. Çoxillik fəaliyyətimiz dövründə Yaxın Şərq, Şərqi Afrika və Körfəz ölkələrində gerçəkləşən ifaçılıq performanslarımız, fərqli ölkələrin opera və konsert salonlarında səslənən musiqi proqramlarımız, YouTube-dəki video linklərimiz Mədəniyyət Nazirliyinə təqdim edilib. Diaspora Komitəsinin təqdimatı ilə  fəxri ad və ya dövlət mükafatı ilə təltif olunmamız önə sürülsə də, 3 ildir ki, gözardı edilən bu məsələ öz həllini tapmamışdır.

Hər ikimiz 1993-2013-cü illərdə Dəməşq Konservatoriyasının Şərq bölümündə (ud və kanun aləti üzrə) çalışmış müəllimlər, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyində nəşr olunan ilk akademik dərs vəsaitlərinin (9 kitabın) müəllifləriyik.

2014-cü ildən 2024-cü ilin sentyabrına qədər həyat yoldaşım Əsgər Ələkbərov Omanın Sultan Kabus Universitetinin professoru olaraq çalışmış və əmək fəaliyyətinə görə Diaspora Komitəsinin medalı ilə təltif olunmuşdur. Fəxri ad və ya digər imtiyazlarla bağlı təqdimatımız Diaspora tərəfindən Prezident Administrasiyasına, şəxsən Samır Nuriyeva ünvanlanıb, Mədəniyyət Nazirliyinə yönəldilsə də, alışdırılmış bir ətalət hökm sürür. Ölkənin ən yüksək qurumlardan - Milli Məclisin mədəniyyət şöbəsindən, Birinci vitse-prezidentin katibliyindən, dəfələrlə Diaspora Komitəsindən və hətta dövlət başçısı cənab İlham Əliyevə ünvanladığım teleqramdan sonra Mədəniyyət Nazirliyinə daxil olan təlimatlar cavabsız qalmaqdadır.

Mövzu daha öncə (18 noyabr) Laf TV-də səslənmiş, lakin  nazirlikdən yenə münasibət bildirilməmişdir”.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr