Milli Məclisin deputat Göydəniz Qəhramanov və Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhidi şəhadətinin ildönümündə yad edib.
XALQ.AZ məlumat verir ki, Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhidi Taleh Yusifovun şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Taleh Yusifov 21 may 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 167 saylı məktəbdə almışdır. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabrın 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Yusifov Taleh Valeh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Füzulinin azad olunması uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.