İran hərbi rəsmiləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsinə görə bir-birini şiddətlə ittiham edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Britaniya nəşri bildirir ki, Tehran Əsəd rejimini saxlamaq üçün milyardlarla dolları boşa xərclədikdən sonra baş verənlərə görə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ittiham edilir.
İran rəsmisi bildirib: “Bir-birini günahlandırırlar, heç kim məsuliyyəti üzərinə götürmür. Heç kim bir gün Əsədin qaçacağını görəcəyini ağlına belə gətirmirdi, çünki son 10 ildə diqqət yalnız onu hakimiyyətdə saxlamağa yönəlmişdi. Bu, ona aşiq olduğumuz üçün yox, İsrail və “Hizbullah”la yaxınlığımızı qorumaq istədiyimiz üçün idi”.
İran “Heyət Təhrir əş-Şam”ın Əsəd rejimi üzərindəki qələbəsini Qərbin Tehranın regiondakı “müqavimət oxu”nu zəiflətmək planı kimi qəbul edir.
SEPAH-dan Britaniya nəşrinə deyilib ki, Əsəd Suriyada İrana bölgəyə silah göndərilməsini təmin etmək üçün lazım idi:
“Orada silah göndərmək üçün kimsə lazımdır, amma onlar ya öldürülür, ya da qaçırlar. İndi əsas diqqət bu dalandan necə çıxacağımıza yönəlib. Hamı nə baş verdiyini və bunun İran üçün nə qədər təhlükəli olduğunu anlamağa çalışır”.
“Telegraph”a görə, bir çox SEPAH rəsmisi Əsədin devrilməsinin məsuliyyətini “Qüds” briqadasının komandiri İsmayıl Qəninin üzərinə qoyur.
Onun fikrincə, Qəni Əsəd ordusunun dağılmasına zəmin yaradıb:
“O, İranın maraqlarının fiaskoya uğramasının qarşısını almaq üçün heç nə etməyib. Müttəfiqlər bir-birinin ardınca yıxılır. Bundan da pis günlər gələ bilər”.