“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 16-cı turunda “Turan Tovuz”la qarşılaşıb.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov 2:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:


“Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə üçüncü, dördüncü qolu vura bilərdik. Bilirdik ki, rəqib ikinci hissədə üstünlüyü artıracaq. Onları təbrik edirəm.


Ayrılan futbolçular haqqında danışmaq istəmirəm. Bu gün bizimlə deyillər. Detallara aydınlıq gəldikdən sonra açıqlama veriləcək.


Təəssüf ki, son dəqiqələrdə qapımızda qollar buraxırıq. Heyətimiz kasaddır. Gənc oyunçularla meydanda mübarizə aparırıq. Oyunçularım xarakter göstərdilər. Təəssüf ki, məğlub olduq.


Futbolçular belə oyunlarla inkişaf edir. İlk növbədə təcrübə önəmlidir. Son dəqiqələrdə rəqibin bütün hündürboylu oyunçuları bizim cərimə meydançasına yığışmışdı. Düşünürəm ki, təcrübədə uduzduq. Son saniyələrdə müdafiə olunmaq vacibdir.


Mövsümün əvvəllində də demişdim, sona qədər mübarizə aparacağıq. Bu gün Premyer Liqada qalmaq üçün xalımız pis deyil”.