Bakıda polis əməkdaşı Aytəkin Gülməmmədovanın şəxsi avtomobilinin dövlət nömrə nişanının tapılmasına yardım edib.
Bu barədə News24.az-a Aytəkin Gülməmmədova özü məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər işə gələrkən DYP əməkdaşları onu yolda saxlayıb, avtomobilin ön nömrəsinin olmadığını bildiriblər.
“Heydər Əliyev prospekti ilə hərəkət edərkən avtomobilin təkərinin altında nəsə qaldığını hiss etdim. Lakin bunun mənim maşınımın nömrəsi olduğunu düşünmədim. Prospektdə avtomobillərin intensiv hərəkəti olduğu üçün avtomobili saxlaya bilmədim. İrəlidən dönüb geri qayıdaraq, nömrəni axtarmağa başladım”, - deyə o bildirib.
Geri qayıdarkən onu PPX əməkdaşları saxlayıb və A.Gülməmmədova bu barədə polislərə izah edib:
“Magistral yolla geri piyada qayıtdığım üçün polis əməkdaşları məni saxlayıb, bunun təhlükəli olduğunu izah etdilər. Polis əməkdaşlarına avtomobilimin nömrəsinin yolda düşdüyünü və nömrəni tapmaq üçün magistral yolla geri qayıtdığımı dedim. Bundan sonra polis əməkdaşları operativ şəkildə tapılması üçün həmkarlarına məlumat verdi və avtomobilin nömrəsini tapan polis nömrəni mənə gətirdi. Bundan sonra bir polis kapitanı məni müşayiət edərək yola saldı. Göstərdikləri diqqət və köməyə görə polis əməkdaşlarına təşəkkürümü bildirdim”.