Suriyada başlayan və Türkiyənin lehinə cərəyan edən proseslər getdikcə daha mürəkkəb xarakter alacaq. Əsas məsələ isə son proseslərin Ankaraya qazandırdığı üstünlüklərin əldə saxlana bilməsi ilə bağlıdır. Çünki vəziyyət böyük güclərin bölüşdürdüyü Suriyada bundan sonra verilən qərarlarla şəkillənəcək. Reallıq isə ondan ibarətdir ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlar dünya ictimaiyyəti tərəfindən qəbul olunur. Bu baxımdan İran, Rusiya və ABŞ-nin fəaliyyətləri isə suriyalılar tərəfindən bəyənilmir və əhali düşünür ki, həmin dairələrin ölkədəki hərəkətləri sabitliyə təhdid yaradır, uzun illədir davam edən qarşıdurmaların əsas səbəbləridir.
Ümumilikdə isə bölgədə bəzi dövlətlərin maraqları toqquşur və onlar fərqli məqsədlər uğrunda siyasət həyata keçirirlər. Türkiyə yaranmış əlverişli şəraitdən istifadə edərək təhdid ünsürü olan terror təşkilatları və onların qalıqlarına qarşı əməliyyatlarını davam etdirərək, nüfuz dairəsini genişləndirməyə və İraq sərhədi də daxil olmaqla strateji yerləri təmizləməyə çalışır və bu fəaliyyəti sona çatdırmaq üçün mümkün gedişlərdən istifadə edir.
Bir az daha əvvələ getsək görərik ki, ABŞ və Rusiya Türkiyə üçün təhdid ünsürlərinə çevrilən terror təşkilatlarının çıxarılması üçün əldə edilən anlaşmaya əməl etmədilər. Bu səbəbdən də rəsmi Ankara yarım qalan işini tamamlamaq üçün maraqlarına uyğun olaraq davranacaq.
Rusiya isə Ukraynadakı müharibə səbəbindən Suriyada istənilən halda nüfuz itirilməsi ilə barışacaq və yaxud müəyyən razılaşmalar qarşılığında kompromisə gedəcək. İranın isə İsraillə hibrid savaşı Tehranın dəstəklədiyi qrupların koordinasiyasının kəsilməsinə və zəiflədilməsinə gətirib çıxarıb. Bu da İsrailin öz planlarını həyata keçirməsini asanlaşdırır. ABŞ isə Suriyada dəstəklədiyi və təbii resurslara nəzarət edən terror qruplaşmalarını orada saxlamaq üçün öz mövcudiyyətini qorumağa çalışır. Eyni zamanda da, İsrailin hədəflərinə çatması üçün yolunu açır. Türkiyədən başqa, İran, Rusiya, əsasən də ABŞ və İsrail ölkədə sabitliyin olmasını istəmir, bu cür ab-hava isə onlara sərf edir. Son günlər İsrailin Suriyadakı beynəlxalq hüquqa zidd irəlləyişləri və orada hava əməliyyatlarının həyata keçirilməsi də yeni qurulacaq hökumətin planını pozaraq, vahid dövlət yaradılmasına maneə olmağı hədəfləyir".
Qiymət Mahir